“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə əs-Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər əs-Sədr vəfat edəndə onun iki yaşı vardı. Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır. Nəcəf şəhərində anasından oxumaq və yazmağı öyrənir. On bir yaşında qardaşları Seyid İsmayıl ilə Məhəmmədbaqir əsSədrdən təhsil almağa başlayır. Öz elmi mütaliələrini davam etdirən Aminə əs-Sədr görkəmli müsəlman publisist və ziyalı qadın kimi yetişir. Bu sahədə onu görkəmli filosof, iqtisadçı və siyasi ideoloq olan qardaşı Məhəmmədbaqir əs-Sədr (1935-1980) istiqamətləndirir. Bintül-hüda şəxsiyyətinin ən bariz cəhətini, şübhəsiz, ədəbiyyat və maarifçilik təşkil edir. Fitri istedada malik olan Aminə on üç yaşından şeir yazmağa başlayır. İlk gənclik illərindən öz məqalələri ilə tanınır. O, iyirmi yaşına qədəm qoyanda artıq qadınla bağlı düşüncələrdə böyük dəyişikliklərə nail olmuşdu. Bu illərdə o, Nəcəfdə nəşr olunan əl-Adva (1959) jurnalına məqalələr yazır. Öz məqalələrində qərbpərəstliyə və feminizmə qarşı çıxır, İslamın qadına daha böyük status verdiyini vurğulayır. Elmi və qələmi ilə İraq qadınlarının maariflənməsi yolunda yeni bir fəaliyyətə yol açan Aminə Sədr onların ideoloji liderinə çevrilir. Bağdad və Kazimiyendə qızlar üçün müxtəlif təhsil ocaqları təsis edir. Bu təhsil müəssisələrinin idarəçiliyində yer tutaraq müsəlman qızların savadlanmasında böyük rol oynayır. Məktəb, xəstəxana və xeyriyyə cəmiyyətlərinin açılmasına təşəbbüs göstərir. Onun maarifpərvər addımları qadınların intellektual səviyyəsinin inkişafına, cəmiyyətin qadına, qadınların da İslama baxışının dəyişməsinə səbəb olur. O öz ölkəsində İslamla bağlı təhriflərin aradan qaldırılmasında təsirli rol oynayır. O deyirdi: “Bu nəslin xidmətində olmağı və bir nəsli tərbiyə etməyi daha üstün tuturam”. Desək ki, ötən əsr İraq qadınının dirçəlişinin əsasında bu qadının fəaliyyətləri dayanır, bəlkə də, yanılmarıq.