Giriş
İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə qarşı diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün, şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi mövzuda hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.
Biz imamların həyatını dərs və örnək kimi öyrənməliyik, yalnız əziz və dəyərli xatirələr kimi yox. Bu isə onların siyasi həyatına diqqət yetirmədən mümkün deyil. Məndə imamların həyatının bu cəhətinə maraq ilk dəfə 1971-ci ildə ağır və məşəqqətli bir imtahan zamanı yarandı. Ondan öncə tövhid sözünün ucalması və ilahi hökumətin bərqərar edilməsi naminə fədakarlıq göstərən böyük mübariz olan imamların həyatını araşdırsam da, o zaman gözlənilmədən mənim üçün bir məsələ aydın oldu. O məsələ bu idi ki, məsum rəhbərlərin həyatında bəzən ziddiyyət kimi başa düşülən zahiri fərqlər olsa da, onların həyatı ümumilikdə bir-birinə bağlı olan vahid hərəkətdir. Bu hərəkət hicrətin 10-11-ci ilindən kiçik qeyb dövrünün başlandığı 260-cı ilə qədər davam edib və 250 illik bir dövrü əhatə edir. Bu insanlar əslində vahid bir şəxsiyyəti təşkil edirlər, onların məqsəd və istiqamətlərinin bir olmasına şübhə yoxdur. Odur ki, biz İmam Həsən Müctəbanın (ə), İmam Hüseynin (ə) və İmam Səccadın (ə) həyatlarını bir-birindən ayrı şəkildə təhlil edib bəzi zahiri fərqlərə görə bu üç imamın həyat tərzlərinin bir-birinə zidd olduğuna dair təhlükəli səhvə yol verməməli, onların hamısını hicrətin 11-ci ilində bir yola qədəm qoyub 260-cı ildə bu yolu başa çatdırmış və 250 il ömür sürmüş bir insan kimi fərz etməliyik.