İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu il fitnəsi haqda çıxışlarından seçmələr
Onuncu prezident seçkiləri
Ölkənin daxili məsələlərindən biri də qarşıdan gələn seçkilərdir; bu barədə də danışmaq istəyirəm. Əlbəttə, seçkilərə hələ qalıb, əgər yaşasaq, lazım bildiyim sözləri əziz xalqımıza deyəcəyəm; gec deyil. İndi isə bir neçə məqama toxunmaq istəyirəm.
Seçkilərin əhəmiyyəti
Seçkilər İslam quruluşunun təməlidir! Əvvəla bizim ölkəmizdə seçkilər simvolik bir hərəkət deyil. Bizim quruluşumuzun təməli bu seçkilərdir. Təməllərdən biri budur. Dini demokratiya sözlə hasil olmur. Dini demokratiya xalqın iştirakı, iradəsi, xalqın ölkənin hadisələri ilə düşüncə, ağıl və emosiya rabitəsi ilə yaranır. Bu da düzgün və ümumi bir seçkilər keçirilmədən və xalqın
geniş iştirakı olmadan mümkün deyil. Bu demokratiya İran xalqının başucalığının amilidir.
Bu otuz il ərzində sizin böyük güclərin nərəsindən qorxmamanız, onların sizə əsaslı bir zərbə vura bilməməsi, ölkə gənclərinin müxtəlif sahələrdə belə şücaət və ixlas nümayiş etdirməsi dini demokratiyadan irəli gəlir. Mütləq bunun qədrini bilməliyik. Seçkilər İran xalqının möhtəşəm sərmayə qoymasıdır. Sanki siz bankda böyük sərmayə yatırırsınız, bank onunla işləyir və siz qazancından istifadə edirsiniz. Seçkilər də belə bir şeydir. İran xalqı çoxlu sərmayə qoyur, böyük investisiya yatırır və onun qazancından bəhrələnir. Xalqın hər bir fərdinin səsi həmin sərmayə qoyuluşunda və investisiyada iştirak edir. Sizin qutuya saldığınız hər bir səs sanki investisiyanı təmin etdiyiniz pulun bir hissəsidir. Bir səs də əhəmiyyətilidir.
Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin qarşısındakı əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər. İran xalqının seçkilərdə
iştirak etməsi onun əzəmətini nümayiş etdirir. Seçkilər budur. Mən bütün seçkilərdə xalqa birinci növbədə bunu deməyə çalışıram ki, sizin seçkidə iştirak etməniz mühüm məsələdir. Bu, İslam Respublikası quruluşunu təsdiq etmək və onu gücləndirməkdir. Məsələ yalnız siyasi, fərdi və əxlaqi bir məsələ deyil, kompleks bir məsələdir. Seçkilər xalqın taleyi ilə əlaqədardır; xüsusən də prezident seçkiləri və ölkəni bir neçə il idarə etmək üçün icra hakimiyyətini bir nəfərə və bir qrupa tapşırmaq. Seçkilər bu qədər əhəmiyyətlidir.