DA (ANA)

Müqəddimə

“Qəhrəman qadınlar” kitabını oxuyanda 14 yaşım olardı. İlkin İslam dövründən sonra əlcəzairli müsəlman və inqilabçı qız Cəmilə Bupaşanın (Djamila Boupacha) şəxsiyyəti mənim üçün çox maraqlı idi. Hansı ki, gənc bir xanımın ölkəsini işğal edənlərə qarşı qeyri-bərabər mübarizəyə daxil olması hadisəsini qəbul etmək çətin idi. O, öz xalqının şərəf və azadlığını qorumaq üçün təcavüzkar fransalıların vəhşi işgəncələrini qəbul edir, amma işğalçılar qarşısında boyun əymir.

Bir neçə il sonra Bəəs işğalçıları vətənimə vəhşiliklə hücum edəndə, şəhərimizin sakinlərini torpağa-qana bələyəndə artıq sakit dayanmağın mənim üçün mənası yox idi. Axı oxumuşdum ki, asudəlik heçlikdir, zillətdə yaşamaq fənadır. Təsəvvür etməzdim ki, o odlu və qanlı günlərdə şəhərimin ayrılıqlarına bir neçə gün dözmədiyim məzlum və əziz körpələrini öz əllərimlə qanlarına boyanmış torpağa tapşıracağam!

Amma bütün bunlar qarşılaşdığım gerçəkliklər idi. Bu hadisələrdən uzun illər ötsə də bir an belə zehnimdən ayrılmır. Ötən illərdə müxtəlif ünvanlardan insanlar dəfələrlə müsahibə, xatirələrin yazılması üçün əlaqə saxlayıb, israr göstəriblər. Böyük şəhid Avini də bu sıradadır. Amma həmişə söhbətdən qaçmışam, razılıq verməmişəm. Etiqadım bu olub ki, Allahın razılığı üçün iş görürəmsə car çəkməməliyəm. Amma bir gün elə bir şərait yarandı ki, bu məmləkətin, müqəddəs İslam cümhuriyyətinin hifzi üçün olanından keçənlər militaristlikdə suçlandı. Bu məqamda qərara gəldim ki, müqəddəs müqavimətimizin müdafiəsinə qalxım. Bu isə yalnız həqiqətləri yazmaq, xatirələri qələmə almaqla mümkün idi.

2001-ci il aprel ayında İncəsənətdə Müqavimət təşkilatının Ədəbiyyat Ofisinin qadınlar bölməsindən zəng vurdular. Müsahibə almaq üçün görüş istədilər. Təşkilat və təşkilatın əməkdaşları ilə tanış olmadığımdan yox dedim. Bu xatirələrin etibarlı, ilahi məqsədli insanlar tərəfindən yazılmasını istəyirdim. Buna görə də müsahibə alacaq şəxsləri tanımalı idim. Tanışlıq məqsədi ilə Ədəbiyyat Ofisinin nəşr etdiyi kitabları oxumağa başladım. Həmd olsun Allaha ki, xatirələrimi nigarançılıqsız danışa biləcəyimə inam yarandı. Bir neçə görüş və müqəddimə söhbətdən sonra müsahibə almaq üçün xanım Seyid Əzəm Hüseyni təyin olundu. Əvvəlcə qeyri-münasib sağlamlıq durumuma görə evimizdə görüşürdük. Xanım Hüseyni üçün zəhmət olurdu.

Müsahibə verməkdə məqsədim müharibədə məzlumluğumuzu, haqqımızın tapdanmasını göstərmək olduğundan sualları ümumi şəkildə cavablandırmaqla kifayətlənirdim. Bir çox xatirələri, daxili duyğularımı hələ də qəlbimdə saxlayıram. Birinci mərhələ müsahibə 30 saat çəkdi və 300 səhifədə toplandı. Bu məcmuə toxunulmamış vəziyyətdə Ədəbiyyat Ofisinin mütəxəssislərinə təqdim edildi. Yekdil qərar bu oldu ki, bir çox mövzuların şərhə ehtiyacı var. Amma yeni bir müsahibə təklifini qəbul etmək asan deyildi. Müharibə xatirələrinin xırdalıqlarını yada salmaq qəlbimi ağrıdırdı, çətin idi. Bu səbəbdən nəzərdə tutulan işi müsahibəsiz görmək lazım gəldi. Vaxt ötdü, daha da yaxınlaşdığım xanım Hüseyni ilə iki həftəlik İraqa, bir qrupla foto və kitab sərgisi keçirməyə getdik.

Bu səfər, sonrakı get-gəllər səbəb oldu ki, müsahibə, xatirələrin nəql olunması mövzusu ilə daha dəqiq tanış olum. Beləcə, qələmə alınmış xatirələri təkrar nəzərdən keçirdiyim zaman, tamamlama üçün suallar ünvanlananda artıq səmimi münasibətdə olduğum xanım Hüseyniyə qəlbimin gizlinlərini aça bilirdim. Tamamlama mərhələsində də müsahibə bizim evdə oldu. İkinci söhbətimizdə xanım Hüseyni hər hadisənin xırdalıqlarını mülayimliklə izləyir, təkmilləşdirirdi. Mən uzun illər ötəndən sonra düşüncəmi dolaşdırmış ağrılı səhnələri xatırlamalı idim.

Bu məsələ çox vaxt əsəb gərginliyimi gücləndirirdi. Qan təzyiqim qalxırdı, şiddətli baş ağrıları olurdu. Amma ruhum üz çevirənə, məni tək qoyana qədər dözür, işi davam etdirirdim. O zaman əqlimlə ruhum arasındakı dartışmadan cismim xəstəliyə düçar oldu, söhbətlərimizdə fasilələr yarandı. Digər tərəfdən, müsahibə üçün sakit mühitə ehtiyac vardı. Bu səbəbdən müsahibə vaxtı övladlarım otaqlarından çıxmır, televiziya proqramlarından vaz keçirdilər. Həyat yoldaşım və oğlum bizim rahatlığımız üçün həmin günlərdə həmişəkindən gec evə dönürdü. Böyük qızımsa müsahibə başa çatana qədər qonaqlara xidmətdən əlavə ev işlərini öhdəyə götürmüşdü.

Bu qayda davam edirdi və mən xanım Hüseyni ilə çox səmimi olmuşdum. Bir xatirə qəlbimi ağrıdanda xanım Hüseyninin qarşısında rahat ağlayırdım.

Bu mərhələdə ruhi və fiziki durumuma, bəzi ictimai məsələlərə görə bir neçə dəfə peşman olmuşdum, müsahibəni davam etdirməmək üçün bəhanə axtarırdım. Bu arada xanım Hüseyni şəraiti düzgün dəyərləndirərək mətanət və səbrlə davranır, müsahibəni davam etdirmək üçün təzyiqə yol vermədən təşviq edirdi.

Xanım Hüseyninin müdarası, güzəştli rəftarı sayəsində söhbəti davam etdirirdim.

O günlərdə Şəhidlər Muzeyində çalışırdım. Həftədə üç gün dərsə gedirdim, təhsil alırdım. O günlərdə işin ağırlığından onurğama yaxın qəlpə hərəkətə gəlib məni təkrar yatağa göndərdi. Həkim tapşırmışdı ki, müalicə ilə yanaşı əsəblərimi qıcıqlandıran istənilən həyəcandan uzaq olmalıyam. Çarəsizlikdən müsahibəni bir neçə ay təxirə saldıq. Qismən sağaldıqdan sonra həm evdə, həm də Ədəbiyyat Ofisində söhbəti davam etdirdik.

Ofisdə söhbətin çətinlikləri vardı. Otağın darlığı, get-gəllər, telefon zəngləri həyət və zirzəmidən gələn səslər diqqəti yayındırırdı. Qapı-pəncərənin məsamələrindən sərt soyuq gəlirdi, evdən gətirdiyim mələfəyə bürünürdüm. Saatlarla oturmaq bel ağrılarımı gücləndirirdi. Yeriməli, yerdə oturmalı, məcbur qalıb uzanmalı olurdum. Bu mərhələdə gündə 6-7 saat xatirələrin şərhinə vaxt sərf edirdim. Xanım Hüseyni sözlərimi sətir-sətir yazırdı ki, hadisələrdəki xırdalıqları şərh edə bilim.

Beləcə, müharibənin başlanğıcından Tehrana qayıdana qədər xatirələrin nəqli 2005-ci ilin oktyabr ayından 2006-cı ilin yanvar ayına qədər min saatdan artıq vaxt apardı.

Ondan sonra kitabın üçüncü mərhələsi üzərində iş başladı. Söhbətlərim 1-ci fəsildən 14-cü fəslə qədər nizama salındı. Amma 1980-cı il oktyabr ayının 12-nə qədər xatirələr kitabda qeyd etdiyim səbəblərdən zaman yox, mövzu üzrə tərtib edilib. Nəhayət, 2007-ci il fevral ayında xatirələr əlavəmlə yanaşı 40 fəsildə başa çatdı. Kitab nəzərdən keçirmək üçün mənə verildi.

Kitabın hazırlanmasında məsləhətçi, ekspert kimi çalışmış cənab Mehdi Fərahaniyə səmimi təşəkkürümü bildirirəm. Kitabda yazdıqları alimanə rəyə görə cənab Əliriza Kəməri və cənab Mürtəza Sərhəngiyə təşəkkür edirəm. Bu rəyləri ilə bizə lütf göstərdilər.

Kitabın adını fədakar şəhid analarına, xüsusilə bütün eşq və həyatını ürəklə Allaha təqdim etmiş əzabkeş və səbirli anama təşəkkür olaraq “Da” adlandırdım. Bu aşiq və canıyanan analar olmasaydı meydandakı fədakar əsgərlər də olmazdı. Bu qəhrəman qadınların dəstəyi ilə qeyrətli İran gəncləri təcavüzkar düşmənə qarşı 8 il vuruşdular, şirin canlarını bizim azadlıq və təhlükəsizliyimiz yolunda fəda etdilər. Ümid edirəm ki, Xürrəmşəhr bu ilahi yola layiq şəkildə başıuca olsun, itirilmiş gözəlliyini geri alsın.

Seyid Zəhra Hüseyni

Tehran, 2007, yay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button