
Məhəmməd Hadi, Zülfüqari ailəsinin üçüncü uşağı idi. Dünyaya gəldiyi cümə axşamı, 2 fevral 1989-cu il, İmam Hadinin (ə) vəfatının ildönümü gününə təsadüf etdiyindən, adını Hadi qoydular.
İbtidai təhsilini Ayətullah Səidi meydanı yaxınlığındakı Şəhid Səidi adına məktəbdə və natamam orta təhsilini isə Şəhid Tupçi adına məktəbdə aldıqdan sonra, tam orta təhsilini başa vurmaqdan ötrü Şəhidlər adına məktəbə daxil oldu. Amma bir müddətdən sonra, işləmək məqsədi ilə təhsilini dayandırdı.
İstehsal müəssisələrindən birində bir müddət işləyəndən sonra, fastfud satan dükanda işə başladı və burda “Musa ibn Cəfər (ə) məscidinin mədəniyyət işləri üzrə məsulu” Əlirza Mustəfəvi ilə tanış oldu. Bu tanışlıq onun məscidə daha çox get-gəl etməsinə səbəb oldu.
Bir neçə il məktəbdən uzaq düşəndən sonra, yenidən təhsil almaq qərarına gəlib, təhsilini Doktor Hesabi adına axşam məktəbində davam etdirdi. Bir müddətdən sonra, Tehrandakı Hacı Əbülfəttah dini elmlər hövzəsinə yazıldı. Çox çəkmədi ki, cavan bir ruhani tələbə kimi təhsilini davam etdirməkdən ötrü İraqın Nəcəf şəhərinə yollandı.
Nəcəfdə dini elmlər hövzəsində dərs alan Hadi, təhsili ilə yanaşı “İslame Əsil” müəssisəsi ilə də əməkdaşlıq edirdi. Sonradan bu müəssisə İŞİD-ə qarşı mübarizə aparan İraq xalq qüvvələrinin bazasına çevrildi. Məhəmməd Hadi İŞİD əleyhinə xalq qüvvələrinə qoşulandan sonra, 12 fevral 2015-ci ildə İraqın Samirə şəhərinin 40 kilometrliyində yerləşən Mukişefiyə kəndində şəhid oldu. Həmən gün İŞİD üzvlərindən biri, partlayıcı maddə ilə dolu buldozeri sürərək, onun və təxminən 25 iraqlı döyüşçünün istirahət etdiyi evə yaxınlaşıb partlayış törətdi.
Partlayış nəticəsində Məhəmməd Hadinin bədəni iki yerə ayrıldı və 3 gün dağıntılar altında qalaraq tapılmadı. Əyyami Fatimiyyə başlayan gün, boynundakı birkasından onun cəsədini aşkarladılar.
Vəsiyyətinə əsasən onu, Nəcəfdə Həzrət Əli (ə) hərəminə yaxın olan Vadiəl-Salam qəbristanlığında, 394-cü sütunda dəfn etdilər. Məhəmməd Hadinin, cəsədi tapılmayan şəhid kimi tanınan İbrahim Hadiyə xüsusi rəğbəti var idi. Bu səbəbdən də, Tehrandakı Beheşte-Zəhra qəbristanlığının şəhidlərə aid 26-cı bölməsində Şəhid İbrahim Hadiyə qoyulan simvolik məzarın yanında, onun üçün də bir simvolik məzar düzəltdilər.
Kitabı yazarkən Zülfüqari ailəsi ilə bir neçə dəfə görüşdük. Hadinin bacısı Məsumə Zülfüqarinin vasitəsilə, şəhidin şəxsi kompyuterindəki məlumatlar əsasında daha çox bilgilər əldə edərək, onun 10-cu imam, imam Hadiyə (ə) olan xüsusi məhəbbətini başa düşdükdən sonra kitabı 10 fəsildə tərtib etdim.
Elnaz Nəcəfi, sentyabr 2018.
