Kərbəlaya doğru piyada
Əllamə Cəfəri
Şəhid Nəvvab ilə birlikdə Nəcəf Elm Hövzəsində Şeyx Mürtəza Taliqaniyə şagirdlik edir və Əllamə Əminidən dərs alırdıq.
Bir gün Şəhid Nəvvab mənə təklif etdi ki, İmam Hüseynin (ə) ziyarəti üçün piyada Nəcəfdən Kərbəlaya gedək. Mən qəbul etdim və həmin gün günortadan sonra yola düşdük.
Demək olar, hava qaralmışdı, şəhərdən hələ bir neçə kilometrdən artıq uzaqlaşmamışdıq ki, çöl ərəblərindən olan boylu-buxunlu bir kişi qarşımızı kəsdi və kobud səslə “dayan” deyə əmr etdi. Mən ərəbin kəmərinə bağladığı xəncəri görüb, çox qorxdum, Nəvvab isə sakit idi.
Ərəb bizə hədə-qorxu gəldi ki, pullarımızın hamısını ona verək. Mən ərəbin dediklərini yerinə yetirmək istəyirdim ki, qəfildən Şəhid Nəvvab olduqca çevik hərəkətlə ərəbin xəncərini kəmərindən çəkib, onun boğazına dayadı və dedi: “Allahla ol, Allahdan qorx və pisliklərdən əl çək.”
Nəvvabın çevikliyi və şücaəti məni heyrətləndirmişdi.
Ərəb bizi öz çadırına dəvət etdi. Nəvvab dərhal qəbul etdi. Mən bir daha təəccübləndim ki, Nəvvab bir neçə dəqiqə öncə bizi öldürmək istəyən birinin dəvətini nə üçün qəbul edir? Bunu onun özünə də dedim, mənə belə cavab verdi: “Bunlar ərəbdirlər, qonağa dəyər verirlər, bizimlə işləri olmaz.”
Nəvvabla birlikdə ərəbin çadırına getdik. Nəvvab rahat yatdı, mən isə ərəbin başımıza bir iş açacağından qorxub səhərədək oyaq qaldım . Nəvvab gecə yarı yataqdan qalxıb, namaza başladı. Mənəviyyat dolu avazla raz-niyaz edirdi. Biz ertəsi gün Kərbəlaya yola düşdük.
