Cəbr, təfviz və ixtiyar
1. “Cəbr” sözü leksik baxımdan: “Cəbr” sözü “cəbərə” – “məcbur etmək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Cəbərəhu ələl-əmr” və ya: “əcbərəhu ələl-əmr”, yəni, Əhməd Əlini filan işi görməyə məcbur etdi, vadar etdi.
2. “Cəbr” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “cəbr” insanların bütün yaxşı və pis, xeyir və şər işlərinin icbari şəkildə Allah tərəfindən təyin edildiyini irəli sürən, insanların öz
işlərini ixtiyari şəkildə görmədiklərini və onların heç bir seçim haqqına sahib olmadıqlarını iddia edən bir ideologiyadır. Cəbr ideologiyası cəbriyyə firqəsinin inancını təşkil edir. Cəbriyyə firqəsinə görə, insanın gördüyü bütün işlər daha öncədən müqəddər (təyin) olunmuşdur. Buna görə də insan ixtiyar sahibi yox, sadəcə bir icraçıdır. Əşərilər də bu düşüncədədirlər.
3. “Təfviz” sözü leksik baxımdan: “Təvfiz” sözü “fəvvəzə” – “öhdəsinə buraxmaq”, “sərəncamına vermək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Fəvvəzə ileyhil-əmrə”, yəni, Əhməd işi Əlinin öhdəsinə qoydu, işi onun sərəncamına verdi.
4. “Təfviz” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “təfviz” Allahın insanların əməllərini onların öhdəsinə buraxdığını deyən, insanların öz əməllərini Allahdan tam müstəqil şəkildə gördüklərini və Allahın onların işlərinə heç bir təsiri olmadığını bildirən bir ideologiyanın adıdır. Mötəzilə məzhəbi bu düşüncədədir.
5. “İxtiyar” sözü leksik baxımdan: “İxtiyar” sözü “ixtarə” – “seçmək” sözündən düzəlmişdir.
Ərəblər deyirlər: “Xəyyərəhu”, yəni, Əhməd Əliyə iki və ya daha artıq işdən birini seçmək haqqı verdi, onu
seçim etməkdə sərbəst buraxdı.
6. “İxtiyar” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “ixtiyar” inancı aşağıdakı mənaya gəlir: Allah peyğəmbərlər vasitəsilə insanlara göstərişlər göndərmiş, onlara bəzi işləri görməyi, bəzi işləri isə görməməyi əmr etmişdir. Bununla yanaşı onlara işi görmək və ya görməmək qüdrəti və iradəsi bəxş etmiş, heç kəsi hansısa bir işi görməyə və ya görməməyə məcbur etməmiş, başqa sözlə, onlara işi görüb-görməmə ixtiyarı vermişdir.
