Aləmlərin yaradıcısı, təqdir və təyin edəni əlahəzrət izzətvə cəlal sahibi Allah-Təalanın müqəddəs pak zatına həmd-səna olsun ki, qaranlıq torpaqdan əql və kamal nuruyla aydınlanıb, elm və sənətlə süslənən insanı yoxluqdan dünyaya gətirib məxluqların ən fəzilətlisi edibdir. İnsanların arasından xüsusi imtiyaz ilə seçilən, bəşəriyyət mərtəbəsinin ən yüksək dərəcəsinə yetişib özlərindən aşağı dərəcədə olan şəxsləri zahiri və mənəvi kamilliyə hidayət etməyə qabil olan peyğəmbərləri seçib, xalqın din və dünya işlərində nicat tapıb hidayət yoluna qovuşmalarından ötrü onları ehkam və şəriət sahibi etdi. O cənabların müqəddəs pak ruhlarına Allah-Təaladan mütləq və daimi salam və rəhmət olsun. Xüsusən, insan nəslinin, peyğəmbərlər silsiləsinin rəhbəri, son peyğəmbər, hidayət yolunun padşahı, övliyalar rəisi, İbrahim Xəlilüllahın nəslindən olub, yerin və səmaların həmd etdiyi, Allah tərəfindən dəstəklənən böyük və
möhtərəm peyğəmbər Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlibə salavat və salam olsun, o cənabın Quran ayəsi ilə pak edilən əhli-beytinə və səhabələrinə gecə-gündüz dua və sonsuz rəhmət olsun. İnsan nəslinin yaradılmasında əsl məqsəd onları fəzilət, kamal, elm və sənət sahibi etmək olub, izzət və əzəmət sahibi Allah-Təaladan nazil olan Qurani-Şərifin səhifələrindəki: “Biz Adəm övladını şərəfli etdik” (İsra, 70) ayəsi qiyamətə kimi oxunacaqdır. Hərçənd Adəm övladının cismi zahirdə şəffaf olmayan maddədən yaradılıbdır, amma məsələnin batininə dürüst diqqət edib fikir verəndə Allah-Təalanın həmin maddənin arasına elm, sənət öyrənməyə təşviq edən fövqəladə bir güc qoyduğu məlum olur.
