İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: “Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır“. Fatimə binti Əsəd deyir: “Sübh vaxtı bir nida eşitdim: “Ey Fatimə, Bizim Evə gəl“. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: “Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et“ (Ibn Şəhraşub, “Mənaqib“, c.2, səh.198-199. “Biharül-Ənvar“, 35 c. səh.8-36).