İmam Əli ibn Musanın kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə Rzadır. Artıq dediyimiz kimi, Həzrət İmam hicrətin 148- ci ilində mübarək Zilqədə ayının 11-də dünyaya gəlmişdir. Həzrətin anasının adı Tukəm olmuş və O, fəzilətli xanımlardan olmuşdur. Çünki O, 7-ci İmamın zövcəsi və 8-ci İmamın isə anasıdır. İmam Rza (Ona salam olsun) dünyaya gəldikdən sonra İmam Museyi-Kazim (Ona salam olsun) O Xanıma “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman İlahi hüccətsiz qalmadığı kimi, İmam Rza da, Öz zəmanəsinin İmamı və Allah-Təalanın insanlar üzərindəki hüccətidir. O Həzrətin həyatı əsasən 2 hissədən ibarətdir:1. Atası İmam Kazimlə (Ona salam olsun) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının (Ona salam olsun) şəhadətə yetdiyi, yəni Özünün imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Rza (Ona salam olsun) atası İmam Kazim (Ona salam olsun) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra imamət məqamına yetişdi. Əbdür-Rəhman ibn Həccac deyir: “Əbül-Həsən Musa ibn Cəfər (Ona salam olsun) öz oğlu Əlini (Ona salam olsun) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.” İmam Rza (Ona salam olsun) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin İmamı və rəhbəri olur və hicri 203-cü ildə – 55 yaşında şəhadətə qovuşur. O Həzrətin (Ona salam olsun) şərif məzarı İranın Xorasan – indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (Ona salam olsun) ziyarət etmək üçün Məşhəd şəhərinə gəlir, İmamın (Ona salam olsun) vasitəsiylə Allahdan hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.
