Ötən bəhslərimizdə Qurani-Kərimdə Allahın möminlərə etdiyi xitablardan üçüncü nümunə olaraq “Aliİmran” surəsinin 102-ci ayəsi haqda söhbət açdıq. Allahtəala bu mübarək ayədə möminlərə xitab edərək onların təqvalı olmalarını təkid edir. Həmçinin təqvanın faydaları və xüsusiyyətləri haqda da geniş söhbət etdik. Söhbətimiz bu yerə gəlib çatdı ki, görəsən, hansı amillər insanda təqvanı gücləndirir? Bununla bağlı biz bir neçə mühüm amillə də
tanış olduq. Həmin amillərdən biri qiyaməti xatırlayıb yada salmaqdır. Deməli, qiyamətə imanı olan və həmişə onu xatırlayan insanlar təqvaya yaxınlaşmış olurlar. Amma əgər bir kəs ölümü, qiyaməti, qiyamət gününün
məhkəməsini yaddan çıxarıb öz bildiyini etsə, həmin şəxsdə təqva ola bilməz. Təqva o insanlardadır ki, heç bir vaxt qiyaməti unutmurlar. Əlavə olaraq qeyd edildi ki, bərzəx aləmi, qiyamət, cənnət və cəhənnəm insanın axirət dünyasına aid olduğu üçün bu mərhələ ölümdən sonra başlayır. Ölüm insan üçün bu dünyanın sonu və axirət dünyasının başlanğıcıdır. Ötən bəhslərimizdə Quran ayələrinə və hədislərə istinad edərək insanın ölüm ayağında olarkən, yəni son anlarında keçirdiyi hisslər, onun gözünə görünənlər, ölümü insana asanlaşdıran və çətinləşdirən amillər, habelə insanın ölümdən qəbrədək olan mərhələləri və bərzəx aləmi barədə ətraflı danışdıq. Beləliklə, bərzəx aləmi barədə
söhbətimizi tamamladıqdan sonra mövzumuzu qiyamət bəhsi ilə sona çatdıracağıq. İnsan bərzəx aləmindən keçdikdən sonra qiyamət səhnəsinə daxil olur. Əlbəttə, burada onu da qeyd etmək lazımdır ki, qiyamət və məad bəhsi çox geniş bir mövzudur. Lakin bu bəhsimizdə qiyamət barədə bir neçə mühüm mətləbə işarə etmək olar. Bu mətləblərin hər birini bir mərhələ kimi qəbul edərək onları qısa şəkildə diqqətinizə çatdırmaq istərdim.