İLAHİ ƏDALƏT

Yaşadığımız dövr, dini və etiqadi baxımdan hamı üçün, xüsusilə gənc
nəsil üçün iztirab, böhran və çaşqınlıq əsridir. Dövrü şərait bir sıra
problemlər yaratmış, unudulmuş köhnə sualları bir daha ortaya atmışdır.
Görəsən biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar
hücumundan narahat olaraq təəssüflənməliyikmi? Mənim fikrimcə bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şəkk yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir. Şəkkşübhə sabitlik üçün münasib mənzil və dayanacaq olmamasına baxmayaraq, həqiqətə çatmaq üçün yaxşı və lazımı keçiddir. İnsanları bu qədər təfəkkür və yəqinliyə dəvət etmiş islam dini dolayı yolla bəşəriyyətin ilkin vəziyyətinin nadanlıq və şəkk olmasını, onun düzgün təfəkkür və  düşüncə ilə yəqinliyə çatmalı olduğunu bildirir. Filosoflardan biri belə deyib: Bizim sözlərimizin yeganə faydası səni şəkk və tərəddüdə salaraq yəqinlik dalınca göndərmək də olsa, kifayətdir. Şəkk-şübhə iztirab və narahatçılıqdır, amma bütün rahatlıqlar da bu narahatçılıqlardan üstün deyildir. Heyvanlar şəkk etmir, amma sizcə onun bu şəkk etməməsi heyvanın yəqinliyə çatması deməkdirmi?! Məlum məsələdir ki, bu qisim rahatlıq şəkk-şübhədən də aşağı dərəcəli rahatlıqdır.
Amma yəqin əhlinin rahatlığı bunun əksinə olaraq, şəkkdən üstün olan rahatlıqdır. Biz hələ Allahdan ilahi feyz və ilham alan bəzi insanlardan danışmırıq. Yəqin əhli şəkk və tərəddüd mərhələsini arxada qoyaraq iman və yəqin dərəcəsinə çatmışdır. Buna görə də əsrimizin şəkk-şübhə əsri olması zəmanənin elmi-ictimai süqutuna dəlalət etmir. Əslində bu qisim şəkk cəmiyyətdə daha çox müşahidə edilən sadəlövhlük rahatlığından üstün olmasa da, aşağı deyildir. Bu barədə təəssüf doğuran məsələ şəkkin insanı araşdırma və tədqiqat aparmağa sövq etməməsi və ya ictimai şəkk-şübhələrin bəzi insanları cavab axtarıb tapmaq məqamına vadar edə bilməməsidir.

Bir Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button