Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) rəfiqi-ə`laya köçdükdən
sonra vərəsə1 olaraq geriyə öz yeganə qızı Fatimətuz-Zəhranı (salamullahi
əleyha) və bir neçə xanımını buraxdı.
“Fədək” Xeybər kəndlərindən biri idi və onu Allahu-təala öz Rəsuluna
döyüşsüz bəxş etmişdi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onu öz qızı həzrət Zəhraya bağışlamışdı. Allah Rəsulu vəfat etdiyi gün “Fədək”
həzrət Zəhranın ixtiyarında idi. Əbu Bəkr xilafət kürsüsünü ələ keçirdiyi zaman Fədəki həzrət Zəhranın (salamullahi əleyha) əlindən alaraq onu da ələ keçirdi. Fatimə (əleyhəs-səlam) Əbu Bəkrə qarşı iddia qaldırdı. Atasının ona
bağışladığı bu ərazini ondan tələb etdi. Fədəki ona atasının (sallallahu əleyhi və alihi və səlləm) bağışlamasına şahid olaraq həyat yoldaşı Əmirəl-möminin Əli ibn Əbu Talibi (əleyhis-səlam), Peyğəmbərin nəvələri və Cənnət cavanlarının iki ağası olan oğlanlarını – Həsən və Hüseyni (əleyhiməs-səlam) və Peyğəmbərin xanımı Ümmü-Əyməni (radiyallahu anhə) gətirdi. Əbu Bəkr Fatimənin iddiasını və bu şəxslərin şahidliklərini rədd etdi. Bu dəfə Həzrət Fatimə (əleyhəs-səlam) ikinci tələb ilə Əbu Bəkrə müraciət etdi. “Fey” olduğu üçün Quranın açıq-aşkar hökmünə görə atası Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) mülkü sayılan o ərazilərdən özünə qalan mirası Əbu Bəkrdən tələb etdi. Əbu Bəkr onun bu iddiasını da rədd etdi. Bu zaman Əbu Bəkr yalnız özünün Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) nəql etdiyi bir hədisi dəlil gətirdi: “Biz peyğəmbərlər irs qoymuruq. Nə qoyuruqsa sədəqədir.” İddia etdi ki, Peyğəmbər heç bir şey miras qoymamışdır, onun qoyub getdiyi şeylərin hamısı sədəqədir. Halbuki, onun nəql etdiyi bu “hədis” xəbəri-vahid idi; o günədək bu “hədis”i Əbu Bəkrdən başqa heç kəs bilməmiş, eşitməmiş və nəql etməmişdi.
