Birinci fəsil
Mən Tehranın Parovoz stansiyası məhəlləsində, Səffari prospekti ilə Xorasan prospektinin arasındakı Boyaqçılar küçəsində dünyaya gəlmişəm. Atam Seyid Əbuturab Kazimi Təbatəbai Məxmər-papaqlılar tayfasındandır. O, cavanlığını İsfahanın yaxınlığında yerləşən Zəvvarə şəhərində keçirmiş, bütün qohumları əkinçi olmuşdu. Zəvvarə əhalisinin çoxu seyid idi. Eşitdiyimə görə, atam Zəvvarədə və ətraf bölgələrdə mərhəməti, əliaçıqlığı ilə tanınırmış. O, dindar, səxavətli və qonaqpərvər adam olmuş, süfrəsi dəvətli-dəvətsiz hər kəsə açıq olmuşdu. Bir neçə ildən sonra müəyyən səbəblərə görə yoldaşını Zəvvarədə qoyur, artıq böyümüş üç oğlu ilə Tehrana gedib karvansara işlətməyə başlayır. Şah Əbdüləzimin məqbərəsinin yaxınlığında yerləşən karvansaranın torpağı İbadi adlı bir şəxsin imiş. Anamın ailəsi də Zəvvarədə yaşayırdı, onlar lap əvvəldən atamı tanıyırmışlar. Anam varlı qızı olmuşdu, lakin dünya onlarla tərslik edib bütün var-dövlətlərini əllərindən aldıqdan sonra üç qardaşı ilə doğulduğu yeri tərk etmiş, daha yaxşı həyat ümidi ilə Tehrana getmişdi. Qardaşı Seyid Abbas atamı tanıdığı üçün İbadi karvansarasına gedib atamın yanında işə başlayır. Günlərin bir günü atam bir iş üçün anamın yaşadığı evin önünə gedir, anamı görüb ona aşiq olur və aralarında 30 il yaş fərqinin olmasına baxmayaraq, bu evlilik baş tutur. O vaxt anam yeniyetmə qız, atam isə iki oğul atası olan ortayaşlı kişi idi. Zənnimcə, anam qardaşlarına görə özünü qurban vermişdi.
Bundan sonra atam Boyaqçılar məhəlləsində bir ev alıb bütün ailəsini oraya aparmışdı. Mən də həmin evdə dünyaya gəlmişəm. Mən ailəmizin yeddi uşağının beşincisiyəm. Dünyaya gəldiyim 1956-cı ildə anam xəstəxanada yatırdı. O zaman atam evimizin bir otağını bir qadına vermişdi. Onda kimin evində artıq otaq vardısa, təmənnasız olaraq, yaxşı bir ailəyə verirdi, onlar bəzən uzun illər həmin evdə ev sahibi ilə bir ailə kimi yaşayırdılar. Qadının adı Məsumə Aynadar idi, lakin evdə onu “Pəri” çağırırdılar. O bizim evə gəlməzdən öncə əri Məşhədi Bəhramla karvansara sahiblərindən birinin evində işləyirmiş. Pəri xanım 42-43 yaşlı, uca boylu, mömin, cəld və zirək qadın idi. Anam xəstələndiyinə görə mən ona bağlandım, o mənim ikinci anam, Allahın yetirdiyi dayəm oldu. Bir qədər böyüdükdən sonra ona “Pəri nənə” deyir, gecələr onun nağılları ilə yatırdım.
Deyilənlərə görə, Pəri nənə məni hər gün bələkdə xəstəxanaya ana südü içməyə aparar, günortadan öncə geri qaytararmış. Uşağı olmadığına görə məni çox sevirmiş. Üç-dörd yaşımda qucağında oturdub mənə Həmd surəsi ilə Ayətül-kürsini öyrətdi. Hamısını səhvsiz danışanda ləbləbi və kişmiş verərdi. Namaz qılanda canamazının yanına bir möhür qoyardı ki, mən də onunla birgə oturub-qalxım, namaz qılım. Nənəyə o qədər bağlanmışdım ki, günorta və axşam yeməklərimi də onun otağında yeyirdim. Nə vaxt bozbaş bişirsəydi, qazanın içinə bir tikə quyruqla ət atardı, ətin sümüklərini ayırıb mənə yedirərdi. Mən ətlə quyruğu çox sevirdim. Bir dəfə günorta yeməyində çox sevincək idim, bozbaşın ətrafında o qədər fırlandım ki, axırda ayağım qabın içinə girib yandı. Məşhədi Bəhram da zəhmətkeş insan idi, heç nəyini məndən əsirgəməzdi. Axşamlar işdən qayıdanda qazandığı pulları xalçaya tökər, mən də cəld böyük pulları köynəyimin önünə yığar, bir tümən almayınca qaytarmazdım.
