Dünyada elə bir insan yoxdur ki, inancı olmasın. Belə ki,
hər bir şəxsin qəbul etdiyi öz inanc və əqidəsi vardır. Belə ki,
bəziləri “Allahın birliyinə”, bəziləri “ateizmə” bir qismi “bütlərə”, digər bir qismi isə hətta “heyvanlara” inanır və pərəstiş edirlər. Təssüflə qeyd etmək lazımdır ki, “Allahın birliyinə” iman gətirənlar (yəni müsəlmanlar) arasında elələri də vardır ki, Allahı düzgün tanımır, O müqəddəs varlığın (Allaha pənah aparırıq) insan kimi əli, ayağı və s. üzvləri olduğunu qəbul edirlər. Hətta Uca Allaha “cins” təyin edərək – “O kişi bilən məsləhətdir” – deyə, vaxtaşırı bu cümləni dilə gətirir və azyaşlı övladlarına “Allah baba” kəlməsini öyrətməklə günaha batırlar. Bəzən cəmiyyət arasında elə insanlar da tapılır ki, görmədiyi Allaha inanmaq istəmir. Halbuki, bu dünyada gözə görünməyən bir sıra şeylərin (məsələn; ağıl, vicdan, cazibə qüvvəsi və s.) varlığına səmimi qəlbdən inanır və zərrə qədər də şəkk-şübhə etmirlər. Lakin “Allahın varlığı” məsələsinə gəldikdə isə axsayırlar.
