İnsana Allah-Taala tərəfindən bütün ömrü boyu yalnız bir dəfə vacib
sayılan mübarək həcc səfəri mənəvi və ilahi bir səfərdir. Əziyyətlərlə dolu olan bu səfərdə istirahət çox az və hətta qeyri-mümkün olsa da, insan heç vaxt onun şirinliyindən və ləzzətindən doymur. Həcc–ilahi bir əmanət və İslamın əsaslarından biridir. Bir rəvayətdə oxuyuruq: İmam Baqir (əleyhissalam) buyurur: “İslam beş möhkəm və əsas sütun üzərində qərar tutmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.” Həcc əgər bütün şərtlərə əməl etməklə mükəmməl surətdə həyata keçirilsə, təkəbbür və riyadan xali olsa, insanı elə paklaşdırar ki, rəvayətdə deyildiyi kimi, sanki təzəcə anadan olmuşdur.Buna görədir ki, Tanrı onu insan üçün bütün ömrü boyu yalnız bir dəfə vacib saymışdır, çünki insanın pak olması üçün bir dəfə həccə getmək kifayət edir. Həcc İslamda o qədər mühüm və əsasdır ki, Tanrının kitabı olan Qurani Kərimdə onun barəsində xüsusi qeyd olunmuşdur.
