Bu surənin ilk ayəsində bütün insanlara xitab olunur, onlar ilahi təqvaya, pərhizkarlığa dəvət edilir və buyurulur: Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun! Sonra insanın bütün əməllərinə nəzarət edən Allahı təqdim etmək üçün Onun
sifətlərindən birinə – bəşər cəmiyyətinin vəhdətinə səbəb olan xüsusiyyətinə işarə edərək buyurur: O Allah ki, sizi bir insandan xəlq etmişdir. Qurandakı «nəfsi-vahidə» (vahid bir nəfs) kəlməsi ilə bütün insanların atası kimi təqdim olunan Həzrət Adəmə (ə) işarə edilir. Başqa ayələrdəki Bəni-Adəm (Adəm övladları) təbiri də məhz həmin məsələyə işarədir. Sonrakı cümlədə buyurulur: Adəmin həyat yoldaşını ondan yaratdı. Bu cümlənin mənası heç də Həvvanın Adəmin (ə) hansısa bir bədən üzvündən yaradılması deyil. Əksinə, məqsəd bundan ibarətdir ki, Adəmin (ə) həyat yoldaşını
onun öz cinsindən qərar verdi. İmam Baqirdən (ə) nəql olunan rəvayətdə Həvvanın Həzrət Adəmin (ə) bir qabırğasından yaradılması fikri şiddətlə təkzib olunmuş və aşkar şəkildə buyurulmuşdur ki, Həvva Adəmin (ə) xəlq edildiyi torpağın qalıqlarından yaradılmışdır.