NƏCİB

Gözlərimə təzə yuxu getmişdi ki, ratsiyanın avtomat kimi çalan zəngindən diksindim. Gözlərimi çətinliklə aça-aça alaqaranlıq səngərdə əlimi uzadıb dəstəyi götürdüm. Mərkəzdəki növbətçi idi.

– Nə olub, Əli? – deyə soruşdum.

– Artilleriya taqımının kabeli qırılıb. Uşaqların birini oyat, gedib təmir etsin.

– Artilleriya?! Özü də gecənin bu vaxtı?! Qoy sabaha qalsın. Gecənin yarısı artilleriya ilə nə işin var?

– Mənim işim yoxdur, üçüncü taqımın komandirinin işi var.

 – Axı nə işi var? Yəqin yuxusuzluq başına vurub, kiminləsə danışmaq istəyir.

– Yox, əşi, deyir ki, pusquda duran uşaqlar danışıq eşidirlər. Deyəsən, düşmən kəşfiyyatçıları gəliblər. İşıqlandırıcı fişəng atmalarını istəyir.

Çarə yox idi, getməli idik. Narahat halda dəstəyi yerinə qoyub Məhəmmədi silkələməyə başladım.

– Qalx, Məhəmməd, qalx, yatdığımız yerdə işə düşdük.

İlk dəfə idi artilleriya taqımının rabitə xəttini təmir etməyə gedirdim. Bu taqımın kabelləri çox yöndəmsiz bir yerdən keçirdi; həm mövqedən uzaqlaşırdı, həm də ətrafı kimsəsiz idi. Buna görə iraqlılar oranı az hallarda atəşə tuturdular, kabeli də az hallarda qırılırdı. O vaxta qədər cəmi bir-iki dəfə kabel qırılmışdı, təmirə də başqa uşaqlar getmişdilər. Mən yalnız bunu bilirdim ki, kabel istehkamın arxasındakı təpəyə qalxır və dərəyə enib taqıma gedir.

Məhəmməd hazırlaşana qədər qurbağaya oxşayan telefonu və kəlbətini tapdım, yuxum qaçsın deyə sərin termos suyu ilə əl-üzümü yudum. İstehkamdan keçəndən sonra Məhəmməd kabeli tapdı. Təpənin yamacına qədər getdik, amma qırılmış yerinə çatmadıq. Məhəmməd dedi:

– Görünür, o tərəfə getməli olacağıq.

– Yaxşı, gedərik.

– Onda kabeli buraxıram, təpəni dövrə vurandan sonra taparıq.

– Bu qaranlıqda necə tapacağıq? Bəlkə elə düz təpənin başında qırılıb? Yaxşı olar ki, buradan gedək.

Kabel düz zirvəyə qalxırdı. Bilmirəm hansı dəli oradan çəkmişdi. Məhəmməd dedi: “Qorxuram ki, bu aylı havada başımıza iş açarlar ha”.

– Yox, əşi, sən də elə bilirsən ki, indi bir nəfər gecə durbini ilə buranı pusur? Ayın işığı da o qədər deyil ki, bu məsafədən görünək, – dedim.

Təpəyə qalxmağa başladıq. Günəşin yandırdığı quru kollar ayaqlarımızın altında qırılıb çaqqıldayırdı. Təpənin zirvəsinə yaxınlaşanda dönüb arxamıza baxdıq. Uzaqda iraqlıların torpaq istehkamının qaraltısı görünürdü. Bu məsafədən göründüyünə təəccüb etdim. Məhəmməd yenə soruşdu:

– Sən əminsən ki, təhlükəli deyil?

– Yox, əşi, kimin nə işinə?!

Mərmi fitini eşidəndə isə artıq zirvəyə çatmışdıq. Bir anlığa yerimizdə donub heyrətlə bir-birimizə baxdıq. Düz bizə doğru gəlirdi. Hərəmiz bir tərəfə tullanıb bütün bədənimizlə yerə yapışdıq.

Mərmi zirvənin yaxınlığına düşüb qulaqbatıran vahiməli səslə partladı. Məncə, gecənin sükutunda səsi dəfələrlə gur eşidilirdi.

İkinci mərminin qorxusundan bir müddət yerimizdən tərpənmədik, diqqətlə qulaq asdıq, bir xəbər çıxmayanda ayağa qalxıb yavaşca təpədən endik. Məhəmməd düz başımızın üstündən keçən mərminin uzun fitini eşitməyim deyə dayanmadan və ucadan danışırdı, ancaq yamaca çatanda deyinməyə başladı:

– Sən çox de ki, kimin nə işinə; gördün ki, kimin nə işinə idi?!

Hər şeyi təsadüfi göstərməyə çalışdım.

– İnan ki, elə-belə vurdular. Əgər bizi görmüş olsaydılar, əl çəkməzdilər. Üstəlik, məgər sənə nəsə oldu?

Məhəmməd yenə kabeli tapdı, əli ilə tutdu və yola düşdük. Məlum oldu ki, təzəlikcə təpənin arxasından yol çəkiblər, kabeli də yolçəkən maşınlar qırıb. Yolda nə qədər axtardıqsa, kabelin o biri başını tapa bilmədik. O qədər gəzdik, əldən düşdük. Tapanda da məlum oldu ki, maşınlar kabelin çox hissəsini qoparıb aparıblar, buna görə kəsilmiş iki baş arasında 30-40 metrlik məsafə yaranıb.

O qədər yorulmuşdum ki, hərəkət etməyə taqətim qalmamışdı. Məhəmmədə dedim: “Qayıt səngərə, kabel gətir. Mən burda gözləyirəm”.

Razılaşıb yola düşdü. Artıq bu dəfə ehtiyatlanıb təpəni dövrə vurmaq lazım idi. Gələndə bilmişdik ki, artilleriya taqımına ən yaxın yol təpənin başından imiş və bununla az kabel işlənmişdi. Kabeli çəkən də, yəqin, buna görə oradan çəkmişdi. Mən bilirdim ki, Məhəmmədin gedib-gəlməyi çox çəkəcək. Yenə oturub gözlərimi çökək, qaranlıq və qorxulu dərəyə dikdim. Çox istəyirdim ki, dərənin içini görüm, amma ətrafdakı iri daşlar kölgə salmışdı, görmək olmurdu. Artilleriya taqımı dərənin sonuna yerləşmişdi. Silahları dərənin küncündən düzmüş, səngərlərini təpənin döşündə qurmuşdular.

Hələ çox gözləməli olduğumu biləndə düşündüm ki, qalxım, özümə daha yaxşı yer tapım. Bir qədər aralıda bir neçə torpaq koması görünürdü, yan-yana düzülmüşdülər. Birinin üstündə oturub dərəyə baxdığım yerdə birdən bütün bədənimə keçici bir titrətmə düşdü, çox qorxdum, qeyri-iradi olaraq, bütün ətrafıma baxdım. Heç nə yox idi. Qəfildən gələn bu hissdən heç nə anlamadım, ancaq onu bildim ki, nəsə varsa, bərkimiş komaların altındadır. Ayağa qalxdım, yeriyə-yeriyə qərara gəldim ki, hava işıqlaşan kimi gəlib orada nə olduğunu öyrənim.

Kabelin başını tapıb telefona taxdım. Beləliklə, bir şey olsaydı, dərhal mərkəzə xəbər verə bilərdim. Təklikdən çıxmaq üçün zəng vurdum. Əli dedi: “Siz hardasınız? Mən çox nigaran qaldım”.

– Təpənin arxasındayam. Məhəmməd kabel ardınca gəlir. 30-40 metr uzunluğunda kabel hazırla, gələndə gecikməsin, – dedim.

Mərkəzlə danışıb ürəkləndim. O halda mərkəzdə təhlükəsiz yerdə oturan, mənim halımdan xəbəri olmayan Əliyə qibtə etdim. Nəhayət, bir müddətdən sonra Məhəmməd kabellə gəldi; xətti bərpa etdik və komalar barədə bir söz demədən səngərə qayıtdıq. Səhər hava işıqlaşandan sonra komaların sirrini öyrənməkdən ötrü həmin yerə getdim və gecə boyu məni o qədər narahat etmiş komaların nə olduğunu anladım. Onlar düşmən ölülərinin məzarları idi. Bir müddət üzərində oturduğum komanın altında bir cəsəd dəfn olunmuşdu, bədəninin bəzi hissələri bayıra çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button