İslam tarixçiləri və hədis alimləri tərəfindən kifayət qədər diqqət yetirilən bir səhabə- Əbu Hurəyrə… Künyəsi ilə tanınıb məşhurlaşmış bu insan kimdir? Yəmən əsilli olduğu yazılır, bəs görəsən, adı nədir bu tarixi şəxsiyyətin? Hicrətin yeddinci ilində cərəyan etmiş Xeybər müharibəsi zamanı islama gəlmiş və əziz Allah rəsulu (s) ilə yalnız üç il birlikdə olmuş bu insan, necə olur ki, fəzilətləri dillər əzbəri olmuş bir çox üstün səhabələri və ümumiyyətlə,
Peyğəmbərin (s) bütün əshabını hədis nəql etməkdə geridə qoyur? Əsli və soyu dəqiq bilinməyən, öncələri yəhudi olan, yazıb-oxumağı bacarmayan, islama üz gətirdiyi zaman bir qarın yeməyə möhtac olsa da ömrünün
sonunu Peyğəmbər şəhərində rəsmi vali və bir əmir kimi keçirtmiş və hər bir düşüncəli təhqiqatçı üçün həyatı şübhəli qaranlıqlarla dolu bu səhabə, necə olur ki, hədis elmində istinad edilən ən əsas bir raviyə çevrilir? Əlinizdə olan bu kitabça sizə elmi-tarixi məlumatları verməklə yanaşı düşündürmək və həqiqətləri olduğu kimi göstərmək üçün çoxlu suallarla da dolu olacaqdır. Sual
düşüncənin və marağın ən əsas göstəricisidir. Məhz elə bu baxımdan da bütün səhabələri ədalətli hesab edən bir qrup müsəlman alimləri Peyğəmbər əshabı barədə verilməli olan suallara hüdud müəyyənləşdirmiş və bu hüdudlardan kənar suallar verməyi qəti surətdə qadağan etmişdilər.