Artıq vaxtı gəlmişdi. Daha nə qədər gözləməli idim ki! Məgər on yeddi il azdır?! Bu qədər gözləmişdim, heç nə olmamışdı. Daim qulağım səsdə olmuşdu, amma heç nə baş verməmişdi. Artıq əlimi əlimin üstünə qoyub gözləmək istəmirdim. Qərarımı vermişdim: çoxdandır beynimi məşğul etmiş kişinin həyatını yazacaqdım. 2000-ci ildə hələ orta məktəbdə oxuyurdum, hər cümə səhər çağı ev-eşiyi təmizləyirdim. Bir dəfə televizor açıq idi, Qumun yerli kanalında veriliş gedirdi. Qonaq otağına girəndə gözlərim ağ-qara ekrana sataşdı. Kamera bir evin divarlarını göstərirdi. Aşağı enəndə bir qadın, sonra da bir kişi göründü. Kişi çarpayıda uzanmışdı; sakitcə gülümsəyir, utancaq halda kameraya baxırdı. Onu görən kimi beynimdə yüzlərlə sual yanyana düzüldü və bircəsinin də cavabını tapmadım: Adam o şəraitdə necə yaşayır? Gecə-gündüzünü necə başa vurur? Ailəsi nə edir? O vəziyyətdə necə rahat gülümsəyə, sakitcə kameraya baxa bilir?.. Nə qədər fikirləşirdimsə, başa düşmürdüm. Beynimdə, o vaxta qədər vərəqlədiyim, oxuduğum bütün kitabların arasında onun kimilərin həyatını təsvir etmiş bir yazı axtarırdım, amma heç nə tapmırdım; həyatları özəl, özləri isə daha özəl olan insanlar – hamıdan yerlə-göy qədər fərqlənən müharibə yadigarları barədə. Mən orta məktəbi bitirəndən az sonra onun şəhid olduğunu eşitdim. Düşünürdüm ki, bugün-sabah həyatı barədə kitab yazılacaq və mən onu alıb birnəfəsə oxuyan ilk adam olacağam. On yeddi il gözlədim, amma xəbər çıxmadı. On yeddi il ümidlə oturdum, heç bir hadisə baş vermədi, o qədər ildən sonra heç kim Hüseyn Duxançının həyatını yazmaqla maraqlanmadı. O adam, o həyat və o təbəssüm məndə hələ də sual yaradırdı. Gərək özüm bir iş görəydim. Bacarardımmı? Çətin sual idi. Bilmirdim ki, bu məsuliyyətin öhdəsindən gələ bilərəm, yoxsa yox. Dəstəyi götürüb nömrəni yığdım, eşitdiyim sakit və mehriban səs ürəyimi sakitləşdirdi, iradəmi qat-qat artırdı. Beləliklə, həyat hekayəm başqa məcraya düşdü. Ondan sonra bir şəhid anası ilə baş-başa qaldım, fərqli və gözlənilməz macəraların axtarışına çıxıb bir həyatın dərinliyinə dalmağa başladım. Birinci, ikinci, üçüncü… onuncu görüş başa çatdı, uşaqlıq illəri və inqilabdan qabaqkı dövr bitəndən sonra yavaş-yavaş qəribə çağlara, maraqlı hadisələrə çatdıq. Ağlıma sığmayan sözlər eşidirdim. O qədər ağrı və əzaba inanmaq mənə çətin gəlirdi. Bəzən hadisələr o qədər dəhşətli olurdu ki, axşam saat 9-da Bacək xiyabanından Xakfərəcə qədər piyada qayıdır, evə çatana qədər yolda eşitdiklərimi həzm eləməyə çalışırdım. Sakit və qaranlıq axşamda gəzişəndə beynimdə yalnız bir sual dolaşırdı: Bu qədər məzlumluq nə üçündür?! Bu qədər qürbət nə üçündür?! Niyə bu günədək heç kim bu ağrılardan danışmayıb? Niyə bu günədək heç kim bu əzabları yazmayıb? Məgər bunlar Xomeyninin fədailəri deyillərmi və qələm əhlinin missiyası onlar barədə yazmaq deyilmi?!
Salam,kitabın qapağını necə endirmək olar?