“Quran elmləri” və bu sahədə yazılan əsərlərə qısa baxış
Quran elmləri, Qurani-Kərimi başa düşmək üçün öyrənilən bir sıra mövzulardır.
Başqa sözlə, ilahi ayələrin mənasını başa düşüb şərh etmək üçün öncədən hər bir təfsirçi və tədqiqatçının bilməsi zəruri olan bir sıra mövzular “Quran elmləri”dir. Zərqaninin “Quran elmləri”nə verdiyi tərif belədir: “Quran elmləri – Quranın nüzulu, (ayə və surələrin) tərtibi, cəm edilməsi, kitabəti (yazılması), qiraəti, təfsiri, nasix və mənsux ayələri və bu kimi Qurana aid mövzulardır.”
Göründüyü kimi, “Quran elmləri”nə verilən bu tərif bu sahədə bəhs ediləcək
mövzulara müəyyən bir hədd qoymur. Elə bu səbəbdən, bəziləri bu mövzuların sayının əlli, bəziləri səksən, bəziləri dörd yüz, bəziləri daha artıq olduğunu
qeyd etmişlər. Əslində, bu fərqin əsas səbəbi Qurana aid mövzularda alimlərin müxtəlif üslublarda bölgülər aparmalarıdır. Məsələn, Bədrəddin Məhəmməd ibn Abdullah Zərkeşinin “əl-Burhan fi Ulumil-Quran” əsərinin mündəricatında qırx yeddi mövzu olduğunu görürük, amma Cəlaləddin Siyutinin “əl-İtqan fi UlumilQuran” əsərinin mündəricatında mövzuların sayı səksənə çatır.
