İslam prizması insanlara ictimai həyatı töhfə verən və bir-biri ilə
səsləşən vahid prinsiplərə malik olan sosial bir konsepsiya kimi dini
təfəkkürün ən təxirəsalınmaz zərurətlərindən biridir. Bundan öncə islami tədqiqatlar, əsasən, bu iki mühüm xüsusiyyətdən məhrum qaldığından, tədqiqatçılar İslamın müasir sosial məktəb və məsləklərlə müqayisədə layiqincə səmərəli nəticəsinə nail olmamış, ümumiyyətlə, vahid ayin planını təqdim etməkdə, onun digər məktəb və ayinlərlə nisbətini fərqləndirməkdə aciz qalmışlar. Həm də ümumilikdə rasional araşdırmalara üstünlük verdikləri, praktiki və ictimai təsirsahəsindən kənarda qaldıqları üçün əqli mərifətdən artıq bir nəticə verməmiş, insanların birgə həyat tərzi, xüsusən, vahid cəmiyyətin formalaşmasında heç bir öhdəlik, mükəlləfiyyət və hətta aydın bir nəzəriyyə irəli sürməmişlər.
İslamın qəti və onda şübhəyə yer olmayan sənədi – Qurani-Kərim çox zaman aydınlatma payından kənar saxlanılmış, onun əvəzində daha çox yarırasional araşdırmalara, zənnə əsaslanan məlumat və müddəalara yer verilmiş və nəhayət, Qurana etinasız yanaşılımış, ondan uzaq etiqadi təfəkkürlər formalaşmış, inkişaf etmişdir. Bəlkə də Qurana etinasızlıq, ona ehtiyacsızlıq və yaxud düzgün istifadə imkanından ümidsizlik hissi nəticəsində Quran ayələri üzərində düşünmək öz yerini səthi, diqqətsiz və nəticəsiz qiraətlə əvəz etmiş və bu ilahi kitabdan daha çox maddi mükafatlar güdülmüş, gəlir mənbəyi kimi istifadə edilmişdir.
Bu həqiqətə rəğmən, islami təfəkkürlə bağlı araşdırmalar və məlumatlarda üç önəmli xüsusiyyət zərurətə malikdir ki, agah mütəfəkkirlər ondan kənara çıxmamalıdırlar:
1. İslam maarifi və islami təfəkkür sistemi mücərrədlik və abstraktlıqdan çıxmalı, bütün ictimai məktəblər kimi, əməli vəzifələrə, xüsusən, ictimai həyata yönəlməli, nəzəri mövzular daha çox insan həyatının proqramları, hədəfləri və bu hədəflərə nail olmaq baxımından
araşdırılmalıdır.
2. İslamda etiqadi məsələlər vahid quruluşun tərkib hissələri tək ayrıca mütaliə olunmalı, insanın müxtəlif şaxəli həyatı ilə mütənasib kamil ideologiya şəklində din və dini prinsiplərlə ümumi və hərtərəfli
tanışlıq əldə edilməlidir.
3. İslam prinsipləri şəxsi zövq və nəzərlərə deyil, dinin əsas mətn və mənbələrinə istinadən başa düşülməli, araşdırılmalı və nəticədə, həqiqi İslam öyrənilməlidir. Bu məqsədin həyata keçməsində ən kamil və etibarlı sənəd Qurani-Kərimdir; ona batil yol tapa bilməz və onda hidayət və tərbiyə ilə bağlı hər bir məsələ aydın şəkildə izah edilmişdir.
Əlinizdəki kitab bu məqsədin təmini istiqamətdə silsilə söhbətlər qəlibində İslam haqqında məlumat verən bir qrafikdir. Bu söhbətlərdə islami etiqadın ən mühüm əsasları, qurucu və həyati əhəmiyyətli prinsipləri Qurani-Kərimin aydın ayələrinə istinadən araşdırılmış, uyğun ayələr dərin təfəkkür sayəsində dinləyicilərə aşılanmış, əlavə məlumat vermək üçün lazımi yerlərdə də Peyğəmbər (s) və onun məsum Əhli-beytindən (ə) nəql olunan düzgün rəvayətlərdən istifadə edilmişdir. Sonda qeyd edilən mətləblərin dinləyicilərin zehnində yaxşı həkk olması və onların özlərinin müstəqil olaraq həmin mətləblər üzərində dərindən düşünmələri üçün hər söhbətin xülasəsi bir vərəqdə qeydə alınır və hər gün məclis iştirakçılarına təqdim olunurdu. İndi isə sizə təqdim olunan bu kitab həmin xülasə mətləblərin məcmusundan ibarətdir və faydalı olacağı və qəbul ediləcəyi ümidilə oxucuların məntiqi və məqbul istəklərinə lazımi cavabdır.
25/Oktyabr/1974