
Giriş
Sabah Vətənxahla “Da” kitabında tanış oldum. Müxtəlif hadisələrlə bağlı təxminən altmış yerdə barəsində oxuyanda bildim ki, daha dərin şəxsiyyətə, müqəddəs müdafiə dövrünün ilk günlərinə dair çox dəyərli təcrübələrə malikdir. O zaman 19 yaşlı inqilabçı, eyni zamanda cəsur döyüşçü olmuşdu. 2009-cu ildə xanım Əzəm Hüseyni tərəfindən Müqavimət ədəbiyyatı şöbəsinə çağırılıb onunla yaxından tanış oldum.
Sabah Vətənxah bir gün xatirələrini yazmaq istəyinin səbəblərindən danışdı. 2009-cu ildə bir neçə ay bütün İranı çalxalayan və müxtəlif iğtişaşlara səbəb olan siyasi hadisələr baş verməsəydi, bəlkə heç vaxt xatirələrini söyləməyəcəkdi.
-Gördüm ki, biz sükutumuzla bir addım geri çəkilmişik, əvəzində düşmən xüsusi ajiotajla bir neçə addım irəliləyib, xalqın düşüncəsində haqla batilin yerini dəyişdirmək istəyir. Daha sakit oturmaq vaxtı deyil. Artıq məsuliyyət hiss edirəm. Ümidvaram ötən illərdə dostlarımın, döyüş yoldaşlarımın başlarına gələnləri söyləməklə insanları qəflətdən oyada, maarifləndirə bilərəm.
Xanım Vətənxaha görə, İslam inqilabında və müqəddəs müdafiədə elə böyük potensial var ki, yalnız bəzi hissələrini söyləməklə də gənclərin yanlışı doğrudan ayırmalarına yardım etmək olar.
Bir neçə gündən sonra xanım Vətənxahın xatirələrini tarixi ardıcıllıqla – uşaqlıq çağından bu günədək – qeyd etməyə başladıq. Ümumilikdə üç mərhələdən ibarət təxminən 300 saatlıq audiomüsahibə alındı.
200 saatlıq söhbətlərdən ibarət birinci mərhələ 87 müsahibəni ehtiva edirdi və iki il vaxtımızı aldı. Bu müddətdə onunla çoxlu eniş-yoxuşlardan keçdik. Beynini məşğul edib təmərküzü çətinləşdirən gündəlik problemlərdən əlavə, xatirələrindəki ağır anları yada salmaq da işin sürətini azaldırdı.
Müsahibimin həyatının müxtəlif hadisələrindən uzun illər ötürdü, bəzi qaranlıq məqamlar vardı. Bu məqamlar tədricən sahə tədqiqatları, əlavə mütaliə və söhbətlərlə aradan qalxdı. Bəzi məqamlara Abdullah Səadət, Əli Əmcədi, Zöhrə Fərhadi, Əşrəf Fərhadi və xanım Vətənxahın anası Firəngbanu Yarəhmədi ilə müsahibə sayəsində aydınlıq gətirildi.
Vətənxahın ailəsinin Xürrəmşəhrin müdafiəsində və o zaman baş vermiş digər hadisələrdə aktiv iştirakını nəzərə alaraq, onlarla, habelə Bilqeys Məlikian, İlahə Hicab, Məryəm Əmcədi və Zöhrə Fərhadi kimi döyüş yoldaşları ilə bağlı bəzi xatirələri onların söylədikləri ilə uyğunlaşdırıldı.
İlk yazı çoxlu zaman sərf ediləndən sonra diqqət və səbirlə ərsəyə gəldi. Sənədli ədəbiyyat janrının şərtlərini qorumaq, məlumatları oxucuya gözəl və səmərəli, eyni zamanda hadisələrin dəqiqliyinə xələl gətirmədən çatdırmaq işin sürətini azaldır, xatirə sahibini yorurdu. Bununla yanaşı, başladığımız işin böyük səbir tələb etdiyini bilərək, araşdırmamızı layiqli şəkildə davam etdirə bildik.
İlk yazının bəzi nöqsan və çatışmazlıqları Qadınlar şöbəsinin eksperti tərəfindən üzə çıxarıldı və müsahibələrin ikinci mərhələsində aradan qaldırıldı. İkinci mərhələ xanım Vətənxahla razılaşdırılaraq bir neçə ardıcıl gündə səhər tezdən gecəyə qədər davam etdi, kitabı əvvəlindən sonuna qədər kəlmə-kəlmə xatirə sahibinə oxudum. Bu zaman həm xatirə müəllifinin istədiyi düzəlişlər edilirdi, həm də yeni suallara cavab tapırdım.
Müxtəlif mövzular barədə geniş söhbətlər etmək, oxucunu düşündürəcək suallara qaneedici cavablar almaq, ziddiyyətli məqamları düzəltmək, hadisələri tarixi ardıcıllıqla sıralamaq, bir-birinə bağlı hadisələrdə səbəb-nəticə əlaqəsini tapmaq və onlarla başqa məsələ xatirələrin müəllifi ilə bir neçə aylıq yoldaşlığımın nəticəsi oldu.
Gülüb-ağlamaq, ünsiyyət, ülfət, mübahisə, hətta bəzən yüngül inciklik bu növ işlərin təbii nəticəsidir; onları heç vaxt unutmaram. İşin gözəlliyi ortaq məqsədin olmasında idi. Bu məqsəd bizi həvəslə bir-birimizin kənarında əyləşdirir, layihəni tamamlamaq üçün əməkdaşlığa sövq edirdi.
Məqsədimiz bu torpağın kişi və qadınlarının məzlum qəhrəmanlığını yenidən öyrənib qələmə almaq idi. Bu isə asan deyildi. Bir dostumuzun sözü ilə desəm, bu işin böyüklüyünü hamıdan çox şeytan anlayıb pusquda durmuşdu, hər an bir hiylə ilə bizi işdən soyuda bilərdi.
Sabah araşdırıcı ruhlu bir qız idi, İslam dini və İslam inqilabının bütün mərəhələlərini araşdırmış, öyrənmiş, yəqinləşdirmişdi. O, hicablı idi – buna görə yox ki, dindar ailədə doğulmuşdu. O, İmam Xomeyninin müridi idi – buna görə yox ki, İslam inqilabı dövrünün şəraiti tələb edirdi. O, öz doğma şəhərinin müdafiəçisi idi – buna görə yox ki, yaşamağa yeri yox idi və çarəsiz halda Xürrəmşəhrdə qalmalı, onu müdafiə etməli idi… Xeyr! Kitabda oxuyacağınız kimi, Sabah Vətənxah həmin illərin inqilabçı nəslinin bir nümayəndəsi olub, öz inanclarını və həyat yolunu şüurlu şəkildə seçib, bütün ağrı və acılara da hazır olub.
İkinci mərhələdə təxminən 100 saatlıq səs yazısı qeydə alındı. Məlumatları kitaba yerləşdirəndən sonra xanım Əzəm Hüseyni əsəri oxuyub bəzi məqamları xatırlatdı. Yenidən və çox diqqətlə orfoqrafiya düzəlişləri aparıldı. Üçüncü mərhələdə xanım Vətənxahdan bir neçə günlük müsahibə vaxtı alındı.
Müqavimət ədəbiyyatı şöbəsinin müsahibə otağı, İncəsənət mərkəzinin həyəti, naməlum şəhidlərin məzarı yanındakı çadır, xanım Vətənxahın, anamın və qayınanamın evləri bizim müsahibə yerlərimiz oldu. Ümidvarıq sorğu-sual günündə məqsəd və düşüncələrimizin doğruluğuna şəhadət verərlər.
Nöqsanlar aradan qaldırılandan sonra kitab əlavə beş mütəxəssis tərəfindən də oxundu və bəzi düzəlişlər edildi. Bu mərhələdə əsərin müsbət cəhətləri gücləndirildi, artıq hissələr çıxarıldı, oxucunu qane edəcək bir mətnin hazırlandığına əmin olduq. Qadınlar şöbəsi ilə mən daha çox xatirənin kitaba salınmasında israrlı idik, amma xanım Vətənxahın özü məsləhət bilmədi. Bu baxımdan, oxucunun bəzi xatirələr barədə daha çox bilmək istəyəcəyini istisna etmirik.
Qarşınızdakı kitab xatirə sahibinin və yazıçının İslam inqilabının qırxilliyi münasibətilə müştərək hədiyyəsidir. Bu inqilabı yıxmaqdan ötrü çoxları illərdir dişlərini qıcamışlar. Lakin onların unutduqları bir şey var: Nə qədər ki, bu gəminin sükanı müdrik rəhbərin əlindədir, nə qədər ki, Sabah və sabahlar həyatdadır, bu arzuları nakam qalacaq!
Sonda bu layihədə mənə kömək edən bütün əzizlərə təşəkkür edirəm: İncəsənət mərkəzinin və Müqavimət ədəbiyyatı şöbəsinin bu çətin yolda mənə səbir və hövsələ ilə yoldaşlıq edən əməkdaşlarına, davamlı məsləhət və dəstəklərinə görə xanım Əzəm Hüseyniyə, araşdırma və müsahibələri başa çatdırmaqdan, kitabı ərsəyə gətirməkdən ötrü sakit mühit və münasib şərait yaradan həyat yoldaşıma və əziz övladlarıma.
Ümidvaram bu kitab sayəsində təxminən on il xatirələri ilə yaşadığım əziz şəhidlər bu az zəhməti qəbul edib kəfənsiz ağalarının yanında məni yaddan çıxarmayacaqlar.
Fatimə Dostkami
Oktyabr, 2018
