Ağacan və Abanın (ana) tərbiyəsi altında
Sevimli Ağababa (Baba)
Babalarım və nənələrimdən, yalnız anamın atasını görmüşəm. Əliəsğər baba çox savadlı və bütün Quranı əzbər bilən bir mömin idi. Məktəbdə dərs deyərdi. Əlbəttə əsl peşəsi bu deyildi. Xırdavat dükanı vardı və dolanışığını bu dükandan əldə etdiyi qazancla təmin edirdi. Maddi vəziyyəti çox yaxşı idi. Onlar əslən təbrizli idilər və Hacı Cabbar Nayeb küçəsində yaşayırdılar. Bir oğlu və dörd qızı vardı. Anam, onun birinci həyat yoldaşından olan övladlarının sonbeşiyi idi. Adını Əşrəf qoymuşdular. Üç yaşında ikən anası vərəm xəstəliyindən dünyasını dəyişir. Babam Sara adlı bir qadınla evlənir. Ondan sonra babamın övladlarına qarşı diqqəti daha da artır. Xüsusilə də, min bir nemət içində böyüdülən anama qarşı daha qayğıkeş olmağa çalışır. Sara dünyaya bir qız övladı gətirir. O, anamın uşaqlıq dövrünün oyun yoldaşı olur və birlikdə atalarından Quran oxumağı öyrənirlər.
Anam atasına çox bağlanmışdı. Atasını Adaş (Qeyd) deyə çağırar və həmişə deyərdi: “Ruhum Adaşın ruhuna bağlıdır”. Biz də ona Ağababa deyərdik. Çox mehriban və səmimi bir insan idi. Tez-tez bizi görməyə gələrdi; həmişə də piyada. Plastik bir zənbili var idi. Həmişə də gələndə zənbili dolu olardı. Futbol oynayan zaman daim corablarını cıran qardaşlarım üçün corab, bizim üçün isə broşka, rəngli plastmas daraqlar, ruşur (Qeyd), daban daşı və s. gətirərdi. Həmişə deyərdi: “Saçlarınızı taxta daraqla darayın. Neftdən düzəldilmiş plastik əşyaları saçlarınıza vurmayın”. Həyatımızın ən şirin günləri, babamızın bizim evə qonaq gəldiyi günlər olardı. Hamını öz ətrafına yığıb söhbət edərdi. Bizə qədim nağıl və hekayələr danışar, namaz qılmaq və Quran oxumaq öyrədərdi. Həmişə deyərdi: “Uca səslə danışmayın, bir-birinizi təhqir etməyin, hamı ilə mehriban olun, böyüklərə hörmət edin və ata-ananızın qədrini bilin”. Babam İmam Rzanın (ə) aşiqi idi. Həmişə bizə deyərdi: “Əşrəf, dua elə gedib Məşhəddə yaşayım”. 1977-ci ildə İmam Hüseynin (ə) qırxına bir neçə gün qalmış Məşhədə getmək qərarına gəldi. Səfərdən əvvəl bir-bir bütün övladlarını görməyə getdi. Bir qızı Tehranda yaşayırdı, biri də Kərəcdə. Onlara da baş çəkib, ordan da anamın ögey bacısı ilə Ərbəin ziyarəti üçün Məşhədə yollandı. Yolda qızına vəsiyyət etmişdi ki, əgər Məşhəddə vəfat etsəm, məni elə oradaca torpağa tapşırın. Amma əgər qayıtdıqdan sonra Təbrizdə dünyamı dəyişsəm, o halda cənazəmi dəfn etmək üçün Məşhədə aparın. Elə də oldu. Qayıtdıqdan bir neçə gün sonra, Təbrizdə 111 yaşında dünyasını dəyişdi. Xalalarım və dayım babamın vəsiyyətinə uyğun olaraq, Ağababamı Məşhəddə torpağa tapşırdılar. Babamın qiymətli kitabları vardı. Vəfatından sonra hamısını milli kitabxanaya hədiyyə etdilər.
