Vahabi alimlərinin öndəri İbn Teymiyyə Hənbəli Vahabi ideyasının 1206-cı hicri ilində dünyadan gedən Mühəmməd ibn Əbdül- vəhhab Nəcdi tərəfindən ortaya çıxarılmasına baxmayaraq, kitabdan da mə’lum olduğu kimi vahabi e’tiqadlarının əsasını
İbn Teymiyyənin fikir və ideyaları təşkil edir. Bu səbəbdən, hicrətin VIII əsrində yaşamış bu şəxs vahabiliyin banisi sayılmalıdır. Vahabi firqəsinin buna dair nəinki iradı yoxdur, hətta bu fikirlə tam razıdır. İbn Teymiyyənin, 241-ci hicri ilində dünyadan gedən Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəlin bə’zi hədislərinin tə’siri altında olmasına, onun məşhur “Əl-Müsnəd” və bu kimi başqa əsərlərində işarə olunmuşdur. Həmin fikir və nəzəriyyələrin əsasında o, Allahı cism hesab edib, Onun müqəddəs zatı ilə bağlı əl, ayaq, dil, göz, ağız və məkanın varlığı barədə söz açmışdır. O, təşbeh və bənzətməni inkar etdiyi halda, ayələr və rəvayətlərin zahiri mə’nasına əsaslanaraq, Allahı göylərin ənginliyində və taxtda oturmuş kimi qələmə vermişdir. İbn Teymiyyə bu e’tiqadını artıq çap olunmuş bir neçə kitabında izhar etmişdir. Belə ki, İslam alimləri onların əleyhinə neçə-neçə kitablar yazaraq, tənqid etmişlər. Kitablardan başqa o, mənbərdəki çıxışlarında da heç nədən çəkinmədən, aşkarcasına öz e’tiqadını bəyan edirdi. Tanınmış mərakeşli səyahətçi İbn Bətutə öz səfərnaməsində yazır: “İbn Teymiyyəni Dəməşqin came (böyük) məscidində camaata moizə edərkən gördüm. O, camaata deyirdi: “Allah dünyanın asimanına düşür, necə ki, indi mən düşürəm”. Sonra mənbərdən bir pillə aşağı düşdü”. İbn Bətutə əlavə edir ki, bu söz məclisdə olan Maliki məzhəbinin fəqihi İbn Zəhranın e’tirazına səbəb oldu. Amma mənbər ətrafında yığılanlar ayağa qalxıb İbn Zəhraya hücum edərək, onu döydülər. Sonradan o, Hənbəli məzhəbindən olan qazi tərəfindən şər’i tənbeh olundu, cəzalandırıldı. Qazinin bu əməli Dəməşqin Maliki və Şafei məzhəbindən olan fəqih və qazilərin e’tirazına səbəb oldu. Məsələdən xəbərdar olan şəhərin hakimi, Misir sultanı Məlik Nasirə xəbər verdi. Sultanın hökmü ilə İbn Teymiyyə zindana düşdü.
İbn Teymiyyənin Allah-təalanın müqəddəs zatı haqqında küfr ideyalarından başqa, ziyarətlərinPeyğəmbərin (s) qəbrinin ziyarətinin haramlığı, o Həzrətə təvəssül edib ondan və başqa övliyalardan şəfaət istəməyin, onların qəbrinin tikilməyinin, tə’mirinin, zinətləndirilməsinin haramlığı, onların qəbrinin dağıldılmasının vacibliyi haqqında məşhur fitvaları vardır ki, istər öz həyatı, istərsə də həyatından sonrakı dövrlərdə sünni firqələrinin başqa alim və fəqihləri tərəfindən rədd edilmişdir.
