
Hələ kiçik yaşlarımdan Quran oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Quranı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa səy etməlidir. Çünki, Quran bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını təmin edən asimani kitabların ən sonuncusu və kamilidir. Quran hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Quran lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
Bir sözlə Quran, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Quranda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Quran, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi möcüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq ikən Qurana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox təsirli olmuşdur. Mən, müntəzəm olaraq Quranın açılmayan sirlərinə yol tapmağa səy edir və buna nail olduqda özümdə Qurana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss edirdim.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Quranın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Quran təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Quran ayələrindən əldə etdikləri cüzi məlumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri məlumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Quranın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Quran ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.
Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Quran nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Quranın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
Lakin, onlardan bəzilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bəzi alimlərin Quranın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Quranı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bəziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Quran məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bəzən başqa bir üslubla da qarşılaşırıq. O da bəzi alimlərin Quranı öz şəxsi rəyləri və heç bir etibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rəy və nəzərlərini kənara qoymalı, Quranın həqiqi mənasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Quran müfəssirin şəxsi rəyi ilə deyil, Quranın öz zahiri ayələri ilə təfsir olunmalıdır.
Sözün əsl mənasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Quranı təfsir etməlidir. Quranda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Quranı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Quranın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan məlumatları əldə etdikdən sonra Quranı təfsir etməyə başlamalıdır. Belə olduqda o, neçə cilddən ibarət olan Quran təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını təlif edə bilər.
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Quranın bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün səhv və batil təfəkkürdən qorumasını diləyirəm.
