Qanlı-qadalı illərin dəyərli abidəsi
Artıq altıncı ildir ki, ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların
havadarlarının niyyətlərini ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1883-1918) indiyədək elm aləminə məlum olmayan “Təvarixi-rəzmvə şurişi tayifeyi-əraməniyeyi-Qafqaz ba firqeyi
müsəlmanan” (“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”) əsəri son dərəcə əhəmiyyətlidir. M. M. Nəvvab yaşadığı dövrdə
baş verən hadisələrdən kənarda qalmamış, tariximizin ən faciəli, qanlı səhifələrini təşkil edən 1905-1906-cı illərdə rus imperiyasının fitnə-fəsadı və onun qəsbkar ordusunun köməyi ilə erməni millətçilərinin xalqımızın üzərinə qaldırılması nəticəsində baş vermiş qırğınları qələmə almışdır. Əsərdə 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, o vaxt da mərkəzdən bu iki millətə münasibət fərqli olmuşdur. M. M. Nəvvab qeyd edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bundan istifadə edən silahlı erməni dəstələri silahsız azərbaycanlıları asanlıqla tutmağa və min cür əzabla öldürməyə müyəssər oldular. Onlar fürsət düşən kimi istər azərbaycanlı, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirməyə çalışmışlar. Əsərdə deyildiyi kimi, hətta 1877-ci il Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orda əllərinə keçən əlyazma kitablarını və Qurani-Şərifi amansızcasına yandırmışlar.