Giriş
Namaz və ibadət insanla Allah, məxluqla Xaliq arasında səmimi
bir rabitədir. Namaz iztirablı, yorğun və bezikmiş ürəklərin təsəllisi,
dincliyi, daxili saflıq və psixoloji rahatlıqdır. Namaz hərəkətin, səfərbərliyin və hazırlığın səmimi, qərəz və hiylədən uzaq əhdidir, hər bir çirkinliyi və pisliyi inkar ermək, hər bir yaxşılığa və gözəlliyə can atmaqdır. Namaz özünü yenidən dərk və sonra islah etmək üçün bir proqramdır. Qısası, namaz bütün yaxşılıqların mənbəyi və müəllifi olan Allahla daimi rabitə və mərhəmət diləyidir. Nə üçün namazı vaciblərin ən üstünü və ən əhəmiyyətlisi
saymışlar? Nə üçün namazı dinin sütunu və əsası adlandırmışlar? Nə üçün namazsız heç bir əməl qəbul olunmur? Məgər namazda hansı qeyri-adi xüsusiyyət vardır? Namazı müxtəlif cəhətlərdən araşdırmaq, dəyərləndirmək olar. Öncə İslam dünyagörüşündə əsas məsələlərdən olan insan yaranışının məqsədi mövzusuna bir qədər toxunmaq lazımdır. İnsanın məxluq olmasına, onun qüdrətli və hikmətli bir qüvvə
tərəfindən yaradılmasına etiqad zəruri olaraq onun yaranışında, var olmasında məqsədin olması deməkdir. Bu məqsədi “mənzil başına çatmaq üçün yol getmək” adlandıra bilərik: dəqiq xəritəyə uyğun və
müəyyən vasitələrlə yol getmək, nəhayət, nəzərdə tutulan mənzil başına çatmaq. Bunun üçün həmin yerə çatan yolu tanımaq, təyin etmək və vəd verilmiş nəticəyə çatmaq üçün məqsədi daim diqqətdə saxlamaq
lazımdır. Yola qədəm qoyan şəxs birbaşa hərəkət etməli, məqsədi həmişə yadda saxlamalı, çaşdırcı yollar, əbəs hərəkətlər onu gecikdirməməli, hərəkəti davam etdirmək və düzgün istiqaməti qorumaqdan ötrü onun üçün təyin edilmiş bələdçinin – Peyğəmbərin (s) sözündən çıxmamalıdır.
