Bağışlayan və mehriban Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi Allaha! Salavat və salam olsun Məhəmmədə və onun pak-pakizə ailəsinə! Vilayəti-fəqih mövzusu, fəqihin ümumi işləri öhdəsinə alması, insanların fəqihə müraciət etməsi kimi məsələlər Əhli-beyt (ə) rəvayətlərində yer almışdır və bu qəbil məsələlər əsasən hədislərdən qaynaqlanır. Vilayəti-fəqih nəzəriyyəsi rəvayətlərin nəql olunduğu ilk illərə, şiə
fiqhinə aid olan kitabların qələmə alındığı ilk dövrlərə qayıdır. “Alimlər, peyğəmbərlərin varisləridir”, “Fəqihlər, peyğəmbərlərin əminləridir”, “Bütün işlər və hökmlərin
həlli ilahi alimlərin əlindədir”, “Baş verən hadisələrdə hədislərimizi bilənlərə müraciət edin”, “(Baş verən
hadisələrdə hədislərimizi bilənləri) sizin üçün hakim təyin edirəm” kimi hədislər vilayəti-fəqih nəzəriy-yəsinin sənədləri sayılır. Sonrakı dövrlərdə şiə fiqhi daha da genişləndi və şəri məsələlərin detallarına toxunuldu, onlar barədə geniş elmi izahlar və təhlillər verildi. Fiqhi mövzularda “adil imam”, “adil sultan”, “adil hakim” kimi ifadələr işləndikdə bütün şərtləri özündə toplamış (cameüş-şərait) fəqih nəzərdə
tutulur. Bu yanaşma fiqhin bütün bölmələrində öz əksini tapmışdır. Uzun sürən ikinci dövrdə fəqihlər “təyin”, “niyabət”, “qəyyumluq” kimi terminlərlə vilayəti-fəqih və fəqihin məsum imamlar (s) tərəfindən canişin olması nəzəriyyəsinə toxunublar. Lakin bu nəzəriyyənin dəlilsübutları barədə geniş söz açmayıblar.