Ulu Yaradanın aləmlərə rəhmət olaraq nazil etdiyi müqəddəs Quran
təbiətin və insanın şərhidir. Odur ki, bu təkrarolunmaz Kitab təbiət və təbiətdə mövcud olanlara aid olan hər bir elmi əhatə etmişdir. Başqa elmlərlə yanaşı təbabət elmi də bu İlahi Kitabda özünə məxsus yer tutmuşdur. Məlum məsələdir, yaranmışı Yaradandan daha yaxşı kim tanıyar və onun ehtiyaclarını Yaradandan daha yaxşı kim bilər ki. Təsadüfi deyil ki, Allahın ən gözəl adlarından biri də Həkimdir. İlhamını Allahdan və onun Səmavi Kitabı Qurandan alan islam dünyasında da təbabətə xüsusi yer verilmişdir. Belə ki, sanitariya və xəstəliklərin profilaktikası islam dinindəki şəri hökmlərin özünəməxsusluğunda öz əksini tapmışdır. Diqqət yetirsək görərik ki, islam dinindəki qüsl, təharət, dəstəmaz, əşyaların paklanması sanitariya və gigiyenanın elementar əsaslarını təşkil edir. Allahın haqqında sən olmasaydın aləmləri yaratmazdım dediyi, bəşərin ən şərafətlisi, risalət məktəbinin ən kamil müəllimi, elmlər şəhəri Həzrati Məhəmməd (s) və haqqında yüzlərlə ayələr göndərilmiş, Allah tərəfindən paklıqlarına -nöqsansızlıqlarına zəmanət verilmiş Əhli-Beyt nümayəndələri imamlarımızın (ə) hədislərindəki tibbi tövsiyələr də muqəddəs və kamil dinimizin tibbə və təbabətə olan müsbıt münasibətinin tərənnümüdür. Tibbun Nəbi, Tibbul Əimmə, Tibbus Sadiq, Tibbur Rza və sairə kimi kitablarda yüzlərlə tibbi məzmunda hədislər toplanmışdır. Peyğəmbər(s) və onun Əhli-Beytinin (məsum imamlarımızın(ə)) dəqiq müainə və mualicə üsulları, təbii dərman reseptləri öz dəqiqliyi və müasirliyi ilə bu gün də təbibləri heyrətə salır. 1400 il bundan əvvəl, heç bir texnikanın, tibbi avadanlığın olmadığı, nəinki mikrob və bakteriyalar, heç onlari aşkar edəcək mikroskop haqqında anlayışın olmadığı bir dövürdə mikrob və bakteriyalar haqqda məlumatı görün nə şəkildə çatdırmışlar insanlara. Peyğəmbər (s) və məsum imamlarımızın (ə) hədislərində oxuyuruq: “Çatlamış qablardan yeyib icməyin, çatlarda xırda şeytanlar toplaşır və yemək vaxtı insanın qarnına daxil olub müxtəlif xəstəliklər törədirlər” , ”Hər kəs əlini yumadan yemək yeyərsə balaca şeytanlar əlinə yapışıb mədəsinə gedər”, “Bulaşıq qabları yumadan səhərə saxlamayın, içinə şeytanlar yığışar”, “Evi süpürdükdən sonra zibili evdə saxlamayın! Süpürgənin arxası şeytanların sevdikləri yerdir”.