Azadlıq nə deməkdir?
Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası və İslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır. Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməl etməsi üçün faydalı olacaq.
İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dün-yada adlı-sanlı dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan ağız dolusu danışır. Həm Qərb demokratiyası azadlıq iddiasındadır (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları, yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin əksəri dövlətin adına azadlıq mənasını ifadə edən “demokratik” sözünü əlavə edirlər. İddia edirlər ki, bu quruluşlarda əsas məqsədlərdən biri də azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi yox, cəmiyyət miqyasında azadlıqdır. Yəni fərdi azadlığın ictimai azadlıq saydıqları bir şeydə qarışıb həll olması.
Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb, hər quruluş azadlığa xüsusi tərzdə tərif verir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətimizdə də bəziləri azadlıqdan dəm vururlar. Bunların arasında olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər. Onlar müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların sırasında azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.
Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda işlənir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.
