TƏFSİR HAQQINDA
Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.s) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars
dilində yazılmışdı. Ərəb dilində təfsirlərin başa düşülməsinin çətinliyi səbəbilə
müsəlmanların öz dilində oxuyub anlayacaq sadə bir təfsirə ehtiyac var idi. Məhəmməd Kərim Bakuvi belə bir əsər qələmə alaraq, azərbaycan türkcəsində ilk təfsiri ərsəyə gətirdi. Təfsirin “Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq / Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi” adından da görüldüyü kimi əsas məqsəd xalqın Quranın izah və hökmlərinə diqqətlə baxıb görməsini təmin etmək, Quranın mənasının asan
anlaşılması və uca qayəsindən həzz alınmasına xidmət etmək idi. Hər təfsirin özünə xas metod və xüsusiyyətləri vardır. Məhəmməd Kərim Bakuvinin bu əsəri, təfsir üsulu baxımından zəngin möhtəvaya sahib bir əsərdir. Bu baxımdan rəvayət təfsiri yönündən əsərin metodu haqda aşağıdakıları sadalamaq olar; Müəllif, ayələrin nazil olma səbəbləri və hikmətləri baxımından tarixi hadisələrə aid rəvayətlərə geniş toxunaraq, zəif rəvayətləri rədd edir, bəzi müfəssirləri tənqid edir, ehtiyac olmayan izahlardan uzaq durmağa çalışırdı. Quranın Quranla təfsiri müfəssirlərin əksəriyyəti tərəfindən istifadə edilmiş bir metoddur. Quranın bir yerindəki ayənin izahı və anlaşılması üçün başqa bir yerdə keçən ayə vardırsa və ya
bir yerdəki mövzu başqa bir yerdə daha geniş əks etdirilmişdirsə bu ayələri yanaşı təfsir etmək və biri ilə digərini aydınlaşdırmaq təfsir eimində ən məqsədəuyğun yol hesab edilmişdir. Bakuvi də bu metoda böyük əhəmiyyət vermiş, bir ayəni daha açıq başqa bir ayə ilə, eyni zamanda bir ayəni başqa bir ayə ilə
ancaq ləfzi yox yalnız mənası ilə təfsir etmişdir. Quranın sünnə ilə təfsirində ayələrin Həzrət Peyğəmbər əleyhissalamın sünnəsi möhtəvasında izahı geniş yer tutur. Müfəssir təfsirdə müxtəlif hədis qaynaqlarından, bəzən öz məzhəbi olan əhli-şiənin “mutunu-ərbəa” adlanan dörd hədis kitabından, bə-
zən də əhli-sünnə hədis qaynaqlarından təfərrüatı ilə istifadə etmişdir.
