İslamda elmi mübahisələr və onun, hədəflərin irəli aparılmasındakı rolu
Həqiqətlərin aşkar olunması və tanınması üçün qarşı-qarşıya aparılan elmi mübahisələr, xüsusilə insanların təfəkkür və idrak səviyyəsinin yüksəldiyi hal hazırdakı zamanda, mədəni maarif məqsədlərinə çatmaq üçün ən yaxşı və ən möhkəm yollardan biridir. Əgər müəyyən təəssüb və inadkarlıq üzərindən qəbul olunmasalar da, heç olmasa bəziləri üçün höccətin tamamlanmasına səbəb olarlar.
Çünki aydın olduğu kimi, hər hansı bir əqidəni kiməsə zorla qəbul etdirmək olmaz. Əgər müəyyən qədər zorla qəbul etdirilsə belə, yenə də əsassız və ötəri olacaqdır. Qurani-kərimdə Allah-təala bu məsələyə çox diqqət və əhəmiyyət vermiş və onun, Quranın əsas prinsiplərindən biri kimi qeyd edərək, Peyğəmbərə buyurur:
«Ey Peyğəmbər, müxaliflərə de, əgər doğru deyirsinizsə öz dəlillərinizi gətirin» (Bəqərə, 111)
İslam başqalarını dəlil və məntiqə dəvət edirsə, onda gərək özü dəlil və tutarlı sübut əsasında olmalıdır.
Nəhl surəsinin 125-ci ayəsində Peyğəmbərə xitab olunaraq buyurulur:
«İnsanları Pərvərdigarının yoluna hikmətlə, gözəl nəsihətlərlə və layiqli bəhs və mübahisələrlə dəvət et.»
Hikmət dedikdə, məqsəd əql və elmə arxalanan və onların əsasında qurulan möhkəm üslublardır. Gözəl moizəlr dedikdə isə atifi yönlərə malik olan, eşidənin pak hisslərini haqqa tərəf yönəldən mənəvi
öyüd, nəsihətlərdir. Mübahisə dedikdə isə məqsəd, bir kəslə üzbəüz dayanaraq, onunla mübahisə aparıb, onun inançılarını tənqid edib, araşdırmaqdan ibarətdir. Əgər bu üslub insaf əsasında olarsa, onda
ədalətə, haqqa, insafa riayət olunarsa, bəzi hallarda inadkar müxaliflərin məğlub edilməsi üçün lazımdır. Qeyd etməliyik ki, insanlardan bəzilərinin, həqiqətləri dərk etmək üçün güclü idrakları və istedadları vardır. Bu cür şəxsləri haqq yola cəzb etmək üçün ən yaxşı yol əqli dəlillər gətirməkdən ibarətdir. Bəzilərinin isə idrakı və təfəkkürü nisbətən aşağı səviyyədədir, onların istedadları və ayırd etmə qüvvələri zəifdir, həyatları təəssüflərlə, adətlərlə və sırf emosiyalarla qarışmışdır. Belə şəxslər, gözəl nəsihətlər və moizələrlə
haqq yola dəvət olunmalıdır.