Məhlanı qucağıma alıram. Göz yaşlarım axmağa başlayır. Ağlıma belə gəlməzdi ki, hələ getməyə macal tapmamış, onun üçün bu qədər darıxacam. Anam yaxınlaşıb Məhlanı məndən ayırır. Onun göz yaşlarından islanmış üzünü öpürəm. Mənim qayıtmaq istəyinin cavabında yalnız bunu deyə bilirəm: “Ana qurban, söz verirəm ki, tezliklə geri dönəcəyəm.” Hüseyn artıq çamadanları maşına yerləşdirib məni gözləyir. Əyləşən kimi, sürücü maşını işə salır və uzaqlaşdığımız anda atam arxamızca bir kasa su atır. Üzümü çevirib atama bir də baxıram. Sanki, Məhlanın ağlamaq səsləri hələ də qulaqlarımda cingildəyir. Ürəyim əsir, əlim-ayağım boşalır. Gedib-getməmək arasında qalmışam. Bir tərəfdən, illərdir arzusunda olduğum səfər məni çağırır, digər tərəfdən isə Məhladan ayrılmağım məni üzür. Hisslərimi kiminləsə bölüşmək istəyirəm. Üzümü Hüseynə tuturam. Sakitcə yerində əyləşib. O qədər sevinir ki, içimdəki fırtına haqqında danışmadan dodaqlarımı bir birinə sıxıram. Hava limanına tərəf irəliləyərək, bir-bir küçə və xiyabanlardan keçirik. Çox uzaq deyil. Maşın dayanır. Hüseyn çamadanları götürüb, qrupumuzun bütün üzvləri buradadır. Hamısı da böyük həvəs və səbirsizliklə nə vaxt gedəcəklərini gözləyir. Hüseyn qrupun rəhbərini axtarmağa gedir. Mən çamadanların kənarında dayanıram. Bir saat gözlədikdən sonra, qrup rəhbərinin göstərişi ilə hamımız yola düşürük.
Qapılardan keçib, çamadanlarımızı təhvil veririk və avtobuslara minərək, təyyarəyə tərəf hərəkət edirik.
Oturacağa əyləşən kimi, başımı Hüseynin çiyninə dayayıram. Sənə nə olub? Narahatsan? Heç nə olmayıb. Yaxşıyam. Bircə… Söhbətimi davam etdirmək istəyirdim ki, öncə pilot, sonra isə stüardessa fars və ingilis dilində sərnişinləri salamlayır, təyyarənin hansı şəhərə uçduğunu elan etməklə, sözümü kəsir. Beləliklə, aldığımız biletlərə əsasən, biz Kirmanşaha səfər edirik. Kirmanşahı sevirəm. Hərçənd, oradakı ötəri
dayandığımız və şəhəri seyr etdiyimiz müddət, avtobusu gözlədiyimiz qədər oldu. Kirmanşahla tanışlığımız isə küçələri, sakinləri, mağazaları, ağacları, bu yaşıl şəhəri və nəhayət Mehrana aparan dağ yollarını kə-nardan seyr etməklə bitdi. Yerli əhalinin geyimi və əyinlərindəki enli şalvarlar mənə çox maraqlı görü-nürdü; xüsusilə bir motosikletçinin küləyə düşdüyü zaman, şalvarının hər iki tərəfdən hava ilə dolub, iki su tuluğu kimi yellənməsi. Başımı şüşədən çəkib baxışlarımı Hüseynə dikirəm. O, sanki başqa aləmdədir. Dodaqaltı nə dediyini bilmirəm, kim bilir, bəlkə şəhidlərlə pıçıldaşır, bəlkə də onlar üçün zikr deyir. Buralarda şəhid olan az deyildi, Hüseyn isə bu əhvalatların dəlisi idi. Mən hələ də Məhlanı düşünürəm.
Ondan nə qədər çox uzaqlaşıramsa, darıxmağım bir o qədər artır. Başına bir iş gələcəyini düşünürdüm. Dilim qurusun, onu bir daha görə bilməyəcəyimdən qorxurdum. Qədimdə düz demişlər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Mehrandan Nəcəfə qədər, yol boyu qəribə hiss keçirirdim. Nəcəf haqqında çox eşitmişdim, şəkillərini görmüşdüm, amma o eşitdiklərim hara, bu gördüklərim hara…
Avtobus çoxlu yoxlama postlarının yerləşdiyi dağılmış, ensiz yollardan keçir. Bəzən postlarda hamını avtobusdan düşürüb, pasportlarımızı yoxlamaq üçün sıraya düzürlər. Bu zaman başdan-ayağa kamuflyaj forması geyinmiş iki hərbçi önə çıxaraq, əllərində tapançaya bənzər, amma ucunda uzun antena olan bir cihazla bütün avtobusu yoxlayırdı. Hüseyn deyirdi ki, bu yoxlama gizlədilmiş bombanı tapmaq üçündür.
İrəlilədikcə qüruba yaxınlaşırıq və hava bir qədər soyuyur. Amma havanın istiliyi və rütubətin yüksək
olması da ürəkaçan bir şey deyil. Hər yoxlama postuna çatdıqda, işimizin tez bitməsini və tezliklə av-tobusun rahat oturacaqlarına və kondisionerin sərinliyinə qayıtmamızı ürəkdən arzulayıram. Bir qədər də irəliləyirik. Qrupumuzun rəhbəri dəhlizin ortasında dayanaraq, yolun şimal-qərb istiqamətindəki bir nöqtəyə işarə edib deyir: “Ora hərəmdir.” Hamımız uzaqdan salam göndəririk. Qəribçilik hiss edirəm. Əmirəlmömininin şəhərinə çatanda, artıq hava qaralmışdı. Avtobus enli bir prospektin kənarında dayanır. Hamımız çamadanlarımızı əlimizə alıb gözləyirik. Məsul şəxslərdən biri, içərisində otelimizin adı, ünvanı və yerləşdiyi məkanın xəritəsi olan broşüraları bizə paylayır. Sonra yola düşürük. Hamımız darmadağın olmuş qoşunun əsgərləri kimi yorğun-arğın addımlayırıq.
