
Hər bir düşüncə sahibi İslam Hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı, əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır.
Bu elmin əsil sahibləri, İlahi Peyğəmbər və Vəsilərin əmanətlərini etibarlı şəkildə qoruyan şiə aləminin böyük alimləri, xüsusi ilə də hörmətli mərcəyi-təqlidlər bu sahədə əsrlər boyu yorulmadan çalışmaqdadırlar.
Şiələr Məsum İmamların göstərişlərinə əsasən, müxtəlif sahələrdə fiqh alimlərinə müraciət edirlər. Yaxşı bilirlər ki, bu alimlər İlahi hökmlərin mahir biliciləri olduqları üçün, çətinliklə qarşılaşacaqları zaman onlara müraciət etməli və onların «əməliyyə» risaləsindən istifadə etməlidirlər.
Bu alimlər mübarək «Tövbə» surəsinin 122-ci (nəfr) ayəsinin hökmü ilə Allahın əmrlərinə uyğun hökm etmək və xalqı İlahi hökmlərdən xəbərdar etmək üçün özlərinə hicrətin ağrı-acılarını rəva biliblər. Onlar “Bilmədiyiniz zaman bilənlərdən soruşun” ayəsinə əsasən Allahın hökmlərini soruşub öyrənmək istəyənlərin qarşısında özlərini məsul və vəzifəli bilirlər. Başqa bir tərəfdən Allah-Təalanın, bilmədiklərini soruşmayıb nəticədə onun əmrlərinə əməl etməyənləri cəzalandıracağı məlumdur. İmam Sadiq (əleyhi-səlam) buyurub: «Allah Qiyamət günü öz bəndəsindən soruşar: «Bilirdinmi?» Əgər bəli desə, ondan soruşar: Bildiyinə nə üçün əməl etmədin?» Desə ki, bilmirdim, buyurar: «Nə üçün öyənmədin ki, əməl edəsən?» Ondan sonra deməyə sözü olmayan bəndə Allah dərgahında məhkum olunacaq.»
Seyyidil-Füqəhanın qiymətli “Urvətul-Vusqa” kitabında vacib, haram, müstəhəbb, məkruh və mübah işlərdə təqlidin vacibliyi haqda verdiyi fətvaya diqqətlə yanaşsaq görərik ki, mükəlləf olan hər bir şəxsin qarşılaşdığı bütün məsələlərin hökmünü öyrənməsi vacibdir. Şeyx Əzəm Ənsari bu kimi məsələləri öyrənməyənlərin fasiq olduğunu buyurub.
