İnsan həvayi-nəfs istəklərinin təsirinə məruz qalır. O, bu cür xəlq olunmuşdur. Buna görə də insan xəta üzündən günah əməl edə bilər, Şeytan onu azdırar, onun toruna düşə bilər və ya istəmədən itaətdən çıxar və asi olar. Sonra tutduğu işə görə peşmançılıq hissi keçirər və vicdan əzabı çəkər. Bu halda o, ümidsiz olmalıdır mı? Allah-təala buyurur: ” …Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. Əsla yox ! Allahın rəhmətinə ümid bəsləməkdən və Onun lütf və ehsanını diləməkdən başqa onun yolu yoxdur. İslam dini peşman olan günahkar bəndənin qarşısında bağışlanmaq və arzu qapısı açmışdır ki, Rəbbinə dönərək inamla kamillik yolunda irəliləsin.
Həmin qapılardan biri Allahın tövhidinə dönmək, əmirlərini yerinə yetirmək, qadağalarından çəkinməkdir. Bütün müsəlmanların, hətta mütləq mənada ilahiyyatçıların hamısı ibadətdə tövhid prinsipinin Allaha məxsus olması məsələsində müttəfiqdirlər.