İNSAN HƏYATINDA TƏQLİDİN ROLU

İnsan bütün seçimlərində məqsədə çatmaq üçün zəruri biliklərə malik olmalıdır. O, əldə etdiyi elm və mərifət, araşdırmalarla iqtisadi və ictimai, dünyəvi və üxrəvi (axirətə aid) həyat yolu və ənənələri müəyyənləşdirməlidir. İnsanın istedadları və gücü məhdud olduğundan, eləcə də, bütün sahələrdə mütəxəssislik dərəcəsinə yüksələ bilmədiyindən o başqalarının biliklərindən faydalanmağa məcburdur. Bəli, fərdi və ictimai təkamül, etiqadi və əməli nizam üçün təqlid qaçılmaz bir zərurətdir. Qanunlar və ədalət bəşəriyyətin mütəxəssislərə, alimlərə təqlidi sayəsində təmin olunur. Düzgün təqlid nəticəsində cəmiyyətdəki nizamsızlıqlar, hərc-mərcliklər aradan qaldırılır. İnsan məlumatsız olduğu peşə və ixtisaslara müdaxilə etməməli, rəy bildirməməlidir. Bu barədə Quran buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən (bilənlərdən) soruşun.”[1]

İnsanın bir çox məlumat və bilikləri təqlid yolu ilə əldə etdiyini nəzərə alsaq, şübhə yeri qalmaz ki, hər hansı sahədə məlumatlanmaq üçün ən yaxşı yol layiqli ideala müraciət edilməsidir. Bütün bunlardan agah olan Allah-taala insana xeyirxahlıq göstərərək həzrət Peyğəmbər və onun məsum canişinlərini təyin etmişdir. Bu ilahi nümunələr insanın maddi və mənəvi təkamülü üçün geniş üfüqlər açır. Səadət və təkamül yolunda addım atanlar bu nümunələrdən parlaq günəş kimi faydalanır.

Məsumların olmadığı, eləcə də imam Mehdinin (ə) qeyb dövründə İslam cəmiyyətinin məlumatlandırılması, hidayəti din alimlərinin, təqlid mərcələrinin üzərinə düşmüşdür. Bu layiqli davamçılar öz həyatlarını dinin hifzi və təbliğinə sərf etmişlər. Onlar öz davamlı mücahidələri ilə dini dəyərləri bədxahların və vəsvəsəçilərin hücumlarından qorumağa çalışmış, öz ilahi missiyalarını yerinə yetirmişlər. Bütün bunları nəzərə aldıqda şübhə yeri qalmır ki, imam Mehdinin (ə) qeyb dövründə ehtiyac həddində bu insanlara təqlid zəruridir. Həqiqətin kəşfi və məqsədə çatmaq üçün mütəxəssislərə təqlidin zəruriliyi aydın olsa da, bəziləri din rəhbərinə təqlidə qarşı çıxır, saxta arqumentlərlə əsaslandırmağa çalışırlar ki, insanın seçim azadlığı var və o istədiyi kimi hərəkət edə bilər. Onlar bu təbliğatları ilə cəmiyyətin, xüsusi ilə gənc nəslin düşüncəsini zəhərləyirlər.

Bəli, təqlidə qarşı şeytani təbliğatlar planlı şəkildə həyata keçirilir. İlk növbədə müqəddəsliklərə və dinə münasibətdə biganəlik yaradılır. Uyğun yönümdə fəaliyyətlər dünya imperializmi tərəfindən himayə olunur, hər vəchlə dini dəyərlərin insanların həyatından sıxışdırılıb çıxarılmasına cəhd göstərilir. Təqlidə münasibətdə şübhə yaradanlar təkcə təqlid mövzusunu yox, bütün dini dəyərləri sual altına alırlar.

Bu yönümdə Allah-taala din alimlərinin üzərinə müəyyən vəzifələr qoymuşdur. Onlar qətiyyətlə ayağa qalxmalı və uyğun məsələlərə etirazlarını bildirməlidirlər. Böyük ustad həzrət Ayətullah Misbah Yəzdi təqlid və onun əhatəsi mövzusunda hicri-şəmsi 1381-ci ilin (2002 M) mübarək ramazan ayında müqəddəs Qum şəhərində söhbətlər etmiş, uyğun sahədə şübhələri cavablandırmışdır. Əlinizdəki kitab cənab Kərim Sübhani tərəfindən qələmə alınmışdır. Ona təşəkkürümüzü bildirir və bu kitabın Allahın və həzrət Mehdinin razılığı, əziz oxucuların məhəbbəti ilə qarşılanacağına ümid edirik.

Elmi Araşdırmalar Mərkəzi


[1] “Nəhl”, 43

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button