Günəş şərqdən doğur… 14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı. Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs
Qur᾿ani-Kərim – «Allaha iman gətirən kəslər qardaşdırlar» – deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət
şüarı verirdi bu şəriət. Lakin, müqəddəs ruhu əbədiyyətə qovuşan əziz Peyğəmbərimizin (s) cəsədi hələ dəfn olunmamış, müsəlman qardaşlar arasına bir fitnə qatıldı. Bu fitnə bütün müsəlmanların anlaşılmazlığına və həqiqət düşmənlərinin sevincinə səbəb oldu. «Hamınız Allah ipindən yapışın və heç vaxt təfriqəyə düşməyin» deyə, buyuran Qur᾿an ümməti müxtəlif firqələrə, məzhəblərə ayrıldı……
Әziz müsəlmanlar, din tariximizdə belə bir ixtilafın meydana gəlməsindən daha acınacaqlısı odur ki, müsəlman qardaşlar bir-birlərinə qarşı yersiz təəssüb hissi bəsləyir, «sən mənim məzhəbimdən deyilsən» deyə, öz qardaşlarına soyuq münasibət göstərirlər. Mənim fikrimcə, uzun illər boyu heç bir məzhəbə aid olmayan qərəzli insanlar müsəlmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam məzhəblərini biribirlərinə qarşı qoymaqda əllərindən gələni əsirgəməmişlər. Din tariximizə nəzər saldıqca, bu zəmində düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmənlərin faydalandığını müşahidə edirik. Özümüzdən xəbərsiz olduğumuz halda biri-birimizə olmazın böhtan və iftiralarını yaxmışıq. Xüsusilə, Peyğəmbər (s) və onun Әhli-beytini (ə) özünə nümunə seçmiş şiə məzhəbinə tuşlanan saysız-hesabsız böhtan və iftiraları gördükdə, özümüzün özümüzə yazığımız gəlir. Çünki, biz öz müsəlman qardaşlarımız haqqında
lazım olan mə᾿lumatı yadlardan alır, heç bir tədqiqat aparmadan hökm etməyə tələsirik….