Bu əsərin müəllifi Quran mövzuları barədə bir neçə cildlik toplu hazırlamaq niyyətindədir. İslam etiqad və düşüncəsini Quran baxımından açıqlayan bu toplu silsiləsi “Quranın siması” adı ilə təqdim edilir və həmin silsilədən artıq iki kitab nəşr edilmişdir: “Quran baxımından insanşünaslığın əsasları” və “Quranda peyğəmbərlik missiyasının əsasları”. Elm və fəzilət sahiblərinə təqdim edilən yeni kitabda isə kainat düzəni və kosmoloci dünyagörüşün fundamental problemlərinin Quran baxımından açıqlaması verilir. Kitabda Qurani-kərimin varlıq aləmini necə təfsir və şərh etməsi araşdırılır. Burada bir sualın əhatəli açıqlaması qarşıya qoyulur:
Qurani-kərim kainat düzəni barədə bütöv, əhatəli və qanunauyğun baxışlar sisteminə malikdir, yoxsa yox? Qeyd edək ki, bu araşdırmada varlıq aləmi barədə fəlsəfədə bəhs edilən eksisentalizm məsələsinə toxunmamışıq. Eyni zamanda mahiyyət, substansiya və aksidensiya kimi fəlsəfi kateqoriyalara Quranın necə yanaşması barədə də söhbət açmırıq, çünki Qurani-məcid öz qarşısına bu sayaq sırf fəlsəfi məsələlərin məhdud xırdalıqlarını hər hansı bir cərəyanın dar maraqları çərçivəsində şərh etməyi qoymayıb. Quran kainat düzəni haqqında ən önəmli fundamental problemlərin geniş mənada ümumi qoyuluşunu irəli sürür ki, buraya varlıq dünyasının hədəf və məqsədi, Allahın varlıq dünyası ilə əlaqəsi, dünyanın yaranış xüsusiyyətləri (kosmoqoniya), kainatın nizam və düzəni (kosmologiya), varlıq aləminin ümumi xüsusiyyətləri kimi geniş məzmunlu məsələlər daxildir. Bu sayaq məsələləri araşdırarkən Quran ayələrinin şərhini ayələrin öz köməyi ilə verməyi daha üstün hesab edirik, belə olduqda ilahi ayələrlə bağlı olmayan mətləblərin “yamaq” kimi Qurani-kərimə aid edilməsi ehtimalının qarşısı alınır. Əlbəttə, bu o demək deyildir ki, biz bir sıra islam araşdırıcıları kimi Quran ayələrinin elmi, fəlsəfi və ya irfan baxımından təfsirindən vaz keçirik. İrfan, fəlsəfə və elmi üsullardan faydalanmadan bir sıra ayələrin şərhini vermək mümkünsüzdür. Lakin bu sayaq təhlillərə ehtiyatla yanaşaraq Quran ayələrinin yanlış yozumlarına yol vermək olmaz.
