İmam Sadiq (ə) buyurur: “Batil düşüncə sahibləri sizin gənc nəslin sorağına gəlməmiş onlara hədis (və dini maarif) öyrədin.” İnsan kiçik həcmində böyük dünya xülasələşmiş mürəkkəb bir varlıqdır. O əvvəla bu təbiət aləminə məxsus cism, maddədən pay almışdır. İkincisi, onun varlığında maddi aləmdən üstün nəfs və ruh mövcuddur. Üçüncüsü, insan ağıl və şüura malikdir, üstün bir düşüncə sahibidir. Allahın bu şərafətli məxluqu təkcə öz maddi cismində xülasələşməmişdir, uca ruhani mərtəbələrə malikdir. İnsanın ruhi ehtiyaclarının da çeşidli mərtəbələri vardır. O, Allahdan yardım diləmək, səmimi təlaşlar, ciddi əzm və iradə ilə mövcud ehtiyacları aradan qaldırmaq üçün addım atmalıdır. Mövzunun aydınlaşması üçün münasib olar ki, müxtəsər şəkildə insan vücudunun müxtəlif mərhələlərini nəzərdən keçirək. Uyğun mərhələlər bunlardır:
1. İnsan vücudunun ən ali mərhələsi olan təfəkkür və düşüncə mərhələsi; insan düşüncəli bir mövcuddur, hər bir məsələni özü üçün müəyyənləşdirir, daxilindəki həqiqət təşnəsini söndürmək üçün qarşıya çıxan suallara cavab axtarır. İnsan varlıq aləminin Xaliqi, yaranışın başlanğıcı və sonu, öz varlığı, aqibəti və bu kimi mövzular barədə düşünür. İnsanın dünyagörüşü və əqidə əsasları ilə bağlı suallara cavab tapmağa
kömək edən iki elm var: fəlsəfə və kəlam elmləri.
2. İnsan vücudunun orta mərhələsi hisslər, istəklər və meyillər mərhələsidir. Aydın məsələdir ki, insanın çeşidli əxlaqi meyilləri və sifətləri var. Məsələn, qəzəb kimi hisslər ifrata, məhəbbət kimi hisslər təfritə meyillidir. Demək, insan nəfs istəkləri arasında tarazlıq yaradacaq, onu orta yola yönəldəcək bir vasitəyə ehtiyaclıdır. Çünki ifrat və təfrit kimi meyillər bütün sifət və ruhiyyələrə münasibətdə zərərli və
təhlükəlidir. İnsan vücudunun bu mərhələsində əxlaq elminin mühüm rolu var. Əxlaq elmi insana sifətlər və ruhiyyələr arasında tarazlıq yaratmaq istiqamətində addım atmağı öyrədir.
3. İnsan vücudunun ən aşağı mərhələsi bədən üzvləri mərhələsidir; İslam dininin insan üçün müəyyənləşdirdiyi bə`zi vəzifələr onun bədən üzvlərinə aiddir. Məsələn, insan Allaha yaxınlaşmaq üçün namaz qılmalıdır. Namazın isə müqəddimələri var. Məsələn, namaz qılmaqdan ötrü dəstəmaz
almaq və ya zəruri olduqda qüsl vermək lazımdır. Bəs namaz necə qılınmalıdır? Dəstəmaz və ya qüsldə bədən üzvləri hansı həddə yuyulmalıdır? Bu məqamda fiqh və əhkam elmi insanın köməyinə gəlir, bu səhadəki mövcud sualları cavablandırır. İnsan vücudundakı uyğun üç mərhələni və cəmiyyətimizin
böyük bir hissəsinin gənclərdən təşkil olunduğunu nəzərə alsaq, yazıçılar və mədəniyyət sahəsində xidmət göstərən insanlardan bu nəslin iste`dadlarının çiçəklənməsi və onların İslam maarifi ilə tanış olması üçün ciddi və səmimi təlaşlar gözləməliyik. Gənc nəsil bu məmləkətin gələcəyidir. Onların düşüncə və mə`nəvi ehtiyaclarının məntiqi və sadə bir dillə aradan qaldırılması üçün sə`y göstərilməlidir. Bu məqsədlə müəllif əziz yeniyetmələrin İslam maarifinin əsasları ilə tanışlığı və onların bu sahədə ehtiyaclarının cavablandırılması üçün əqidələr, əxlaq və əhkam hissələrindən ibarət hazırkı kitabı tərtib etmişdir.
