Hicrətin 10-cu ilində Nəcrat xristianları ilə İslam Peyğəmbəri (s) arasında baş vermiş mübahilə hadisəsi İslam tarixinin ən önəmli hadisələrindən biridir. Bu hadisə İslam Peyğəmbərinin (s) xristianlar üzərində mütləq qələbəsini aşkar etməklə yanaşı, müsəlmanlar arasında əsrlər boyu mübahisə predmetinə çevrilmiş olan Əhzab surəsinin 33-cü ayəsində zikr olunmuş Peyğəmbər (s) əhli-beytinin kimlərdən ibarət olması, Peyğəmbərdən (s) sonra xəlifəliyə kimin daha layiqli olması, həmçinin Peyğəmbər (s) səhabələri içində hansı səhabənin ən üstün və ən fəzilətli olması kimi bir çox mübahisəli məsələlərə aydın şəkildə cavab verir. Çünki bu hadisə barədə nazil olmuş Ali-İmran surəsinin 61-ci ayəsində Allah Öz Peyğəmbərinə (s) xristianlarla mübahilə etmək üçün özü ilə birgə əhli-beytinin fərdlərini, yəni qadınlarını, övladlarını və özünü gətirməyi tapşırmış, Peyğəmbər (s) də Allahın bu göstərişinə əməl edərkən mübahiləyə özü ilə yalnız Xanım Fatiməni (s.ə), İmam Həsən (ə), İmam Hüseyni (ə) və İmam Əlini (ə) gətirmişdir. Deməli, Allah yanında Peyğəmbərin (s) ən əziz şəxsləri, onun əhli-beyti məhz burada qeyd edilən şəxslərdir.